Şəhid Elşən Babazadə Qəbələdə dəfn edilib - FOTO - VİDEO

Şəhid Elşən Babazadə Qəbələdə dəfn edilib  - FOTO  - VİDEO
# 13 sentyabr 2022 20:19 (UTC +04:00)

Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu ilə Qəbələ rayonunda vida mərasimi keçirilib.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan Azərbaycan Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir, 1996-cı il təvəllüdlü Babazadə Elşən Sahib oğlunun cənazəsi bu gün doğulduğu Qəbələ rayonunun Mıxlıqovaq kəndinə gətirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhid Elşən Babazadənin yaşadığı evdə təşkil olunan vida mərasimində onun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər. Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirilib.

Şəhid Elşən Babazadə Mıxlıqovaq kəndinin qəbristanlığında dəfn olunub, cənazənin üzərindəki üç rəngli Azərbaycan bayrağı şəhidin atası Sahib Babayevə təqdim olunub, havaya yaylım atəşi açılıb.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR