Milli Teatr Gününə həsr olunmuş tədbir keçirilib

Milli Teatr Gününə həsr olunmuş tədbir keçirilib
# 10 mart 2021 15:54 (UTC +04:00)

Martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) Milli Teatr Gününə həsr olunmuş tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Mədəniyyət Naziri Anar Kərimov, sənət adamları, incəsənət xadimləri iştirak ediblər.

ATXİ-nin Sədri Azər Paşa Nemətov bildirib ki, Azərbaycan teatrının 148 yaşı olur: “Bu əlamətdar gün əvvəlki bayramlardan həm də ona görə fərqlənir ki, torpaqlarımız işğaldan azad edilib, bundan sonra Şuşada, Ağdamda, Füzulidə olan teatrlarımız bərpa ediləcək və doğma torpaqlarında fəaliyyətlərini davam etdirəcəklər".

Nazir Anar Kərimov Azərbaycanda teatr sənətinin köklərinin qədim olduğunu deyib: "Xalqın əmək fəaliyyəti, həyat tərzi, dünyagörüşü, dini inam və inancları ilə bağlı olan bayramlar, ayin və mərasimlər, oyun və rəqslər hərəkət, xor və dialoq kimi teatr elementləri ilə zəngin olub. 1873-cü il mart ayının 10-da isə Azərbaycanda peşəkar teatrın əsası qoyulub. Həmin gün görkəmli ictimai xadim Həsən bəy Zərdabi və onun tələbəsi, dramaturq Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyası Bakıda Realnı məktəbin tələbələri tərəfindən tamaşaya hazırlanıb".

Nazir bildirib ki, Azərbaycan torpaqlarının erməni işğalçıları tərəfindən zəbt edilməsi teatr prosesinə də təsir edib. İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı doğma yurdlarından didərgin düşərək, fəaliyyətlərini qaçqın teatrlar kimi davam etdirmək məcburiyyətində qalıb: “Şükürlər olsun ki, ən yeni tariximizin şanlı səhifələrini təşkil edən 44 günlük Qarabağ müharibəsində ordumuzun və cənab Ali Baş Komandan İlham Əliyevin qazandığı misilsiz Zəfər nəticəsində bu problem aradan qalxacaq, artıq adları çəkilən teatrlarımızın çoxu Mədəniyyət Nazirliyinin də dəstəyi ilə öz doğma yurd-yuvalarında fəaliyyətini davam etdirə biləcəklər".

A. Kərimov Azərbaycanda teatr fəaliyyətinin hüquqi-normativ bazasının formalaşdırılmasının da mühüm əhəmiyyət kəsb edən məsələlərdən olduğunu vurğulayıb.

O, multikultural dəyərlərin təşviq olunduğu ölkəmizdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı və Qax Dövlət Gürcü Dram Teatrlarının fəaliyyət göstərdiyini də diqqətə çatdırıb: "Bir vaxtlar Azərbaycanda yəhudi teatrı da fəaliyyət göstərib. Biz gələcəkdə onun da bərpasına çalışacağıq".

Daha sonra Xalq artistləri Həmidə Ömərovaya, Mənsum İbrahimova, Elmira İsmayılovaya, Vidadi Əliyevə, Məmmədsəfa Qasımova, Qurban İsmayılova, Əməkdar incəsənət xadimi Hafiz Quliyevə, Gəncə Dövlət Kukla Teatrının aktyoru və rejissoru, Əməkdar artist Xudayət Əsgərova, professor İlham Rəhimliyə, Əməkdar artist Sənubər İskəndərliyə "Sənətkar" medalı verilib.

Azər Paşa Nemətov isə görkəmli heykəltəraş, Xalq rəssamı Ömər Eldarovun İttifaqın İdarə heyətinin qərarı ilə ATXİ-nin Fəxri üzvlüyünə qəbul olunduğunu və "Sənətkar" medalı ilə təltif olunduğunu elan edib, ona üzvlük kitabçasını və "Sənətkar" medalını təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR