Çingiz Fərzəliyev Rusiya Rəssamlıq Akademiyasının Qızıl medalına layiq görülüb

Çingiz Fərzəliyev Rusiya Rəssamlıq Akademiyasının Qızıl medalına layiq görülüb
# 12 iyun 2019 12:07 (UTC +04:00)

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev Rusiya Rəssamlıq Akademiyasının Qızıl medalına layiq görülüb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Rəssamlıq Akademiyasının birinci vitse-prezidenti Viktor Kalinin yüksək mükafatı Çingiz Fərzəliyevə təqdim edib.

O, çıxışında Çingiz Fərzəliyevin V.İ.Surikov adına Moskva Dövlət Akademik Bədii İnstitutunda Rusiyanın ən tanınmış rəssamları ilə birlikdə təhsil aldığını, SSRİ dövründə bir çox mötəbər ümumittifaq rəsm sərgilərinin mükafatçısı olduğunu söyləyib: “Çingiz Fərzəliyev Qızıl medala təkcə postsovet məkanının ən yaxşı muzeylərdən birinin rəhbəri kimi deyil, həm də hazırda fəaliyyət göstərən rəssam, Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsində böyük xidmətləri olan incəsənət xadimi kimi layiq görülüb. Biz böyük məmnuniyyətlə onu Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü və fəxri professoru kimi öz sıralarımıza qəbul etmişdik. Bu gün isə Azərbaycan rəssamına Rusiya akademiyasının ən yüksək mükafatını təqdim etməkdən məmnunluq duyuruq”.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev isə çıxışında Çingiz Fərzəliyevi səfir Polad Bülbüloğlunun adından təbrik edib. O xatırladıb ki, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Diplomat Bakıda, Heydər Əliyev Mərkəzində görkəmli rəssam Zurab Seretelinin 85 illik yubileyinə həsr olunmuş “Mümkün ölçülər” adlı sərginin açılmasını iki ölkənin mədəni həyatında mühüm hadisə adlandırıb.

Mərasimdə Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Andrey Zolotov, “Tretyakovskaya Qalereya” jurnalının baş redaktoru Aleksandr Rojin və başqaları çıxış edərək, Çingiz Fərzəliyevə yaradıcılıq uğurları arzu ediblər.

Çingiz Fərzəliyev yüksək mükafata görə Rusiya Rəssamlıq Akademiyasının rəhbərliyinə və üzvlərinə təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR