Moskvada azərbaycanlı rəssamın uşaqlara həsr olunmuş sərgisi açılıb - FOTO

Moskvada Abbas Kazımovun sərgisi

© APA | Moskvada Abbas Kazımovun sərgisi

# 02 iyun 2022 14:57 (UTC +04:00)

Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki "Azərbaycan" pavilyonunda rəssamlıqda unikal xalça üslubunun müəllifi, azərbaycanlı rəssam Abbas Kazımovun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Nağıl dünyası” adlı sərgisi açılıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu hazırda müxtəlif auditoriyalar üçün nəzərdə tutulmuş çoxsaylı tədbirlərə ev sahibliyi edən “Azərbaycan” pavilyonunun bərpasını nəzarətə götürən Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban Əliyevaya və Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Rəssam Abbas Kazımovdan danışan Polad Bülbüloğlu qeyd edib ki, 1981-ci ildə rejissor Yuli Qusmanın “Qorxma, mən səninləyəm” filmində birlikdə çəkiliblər, burada Abbas karate komandasını təmsil edib və özü də kiçik rol alıb: “Elə o vaxtdan dostlaşdıq. Mənim evimdə onun hədiyyə etdiyi bir neçə rəsm əsəri var. Abbas Kazımovun əsərləri Azərbaycan incəsənətinin bir çox elementlərini, Abşeron rəssamlıq məktəbinin üslubunu özündə cəmləşdirən çox orijinal üslubdur. Rəssam bütün dünyada məşhurlaşıb. Abbasın rəsm əsərləri təkcə Rusiyada deyil, digər ölkələrin də ən yaxşı qalereyalarında saxlanılır. O, heyrətamiz dərəcədə təvazökar, çox mehriban, istiqanlı insan idi, Abbas həmişə nə isə danışa, nəyisə bölüşə biləcəyin əsl dost idi. Mən mədəniyyət naziri olduğum dövrdə, daha sonra səfir kimi onun işinin təbliğinə kömək etmişəm. Onun Bakıda və Moskvada sərgilərini təşkil etmişik. İdmanla məşğul olan, demək olar ki, peşəkarcasına karate ilə məşğul olan Abbasın XXI əsrin bu dəhşətli xəstəliyinə görə bizi tərk edəcəyini heç kim təsəvvür edə bilməzdi. Bunu dərk etmək çox çətindir, xüsusən də, insan güclə, yaradıcılıq planları ilə dolu olanda... Qəfil ölümü onu sözün əsl mənasında sıralarımızdan çıxardı”.

Diplomat vurğulayıb ki, bu sərgidə Abbas Kazımovun xeyirxahlığa, qarşılıqlı anlaşmaya çağırış edən, bu gün üçün çox vacib olan bir çox günəşli tabloları nümayiş olunur: “Düşünürəm ki, onun xatirəsi dostlarının qəlbində və əlbəttə ki, yaratdığı rəsmlərdə, sənət əsərlərində yaşayacaq. Uzun illər keçəcək, lakin bu rəsm əsərləri öz sözünü deyəcək".

TASS xəbər agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman isə çıxışında Abbas Kazımovla uzun onilliklər ərzində dostluq etdiyini, onu saf, səmimi, dərin insan və təbii ki, bir sənətkar kimi çox sevdiyini söyləyib: “Abbas Kazımov təmiz, çox səmimi, dostluğa sadiq, vətəni Azərbaycanın vətənpərvər insan idi. O, uzun illər Moskvada yaşasa da, Azərbaycan torpağının ayrılmaz hissəsi idi. Abbas Kazımovun sərgisinin iyunun 1-də açılması rəmzidir, çünki Abbasın uşaqlarla bağlı, uşaqların çox sevdiyi heyvanlar aləmi ilə bağlı çoxlu əsərləri var idi. O, uşaqları sevirdi, onlarla isti və səmimi dil tapırdı. Şadam ki, Abbasın xatirəsi onun əsərlərində, bu sərgidə yaşayır. Düşünürəm ki, belə sərgilər daha çox olacaq. “Azərbaycan” pavilyonunun rəhbərliyinə, bu sərgini təşkil edən Səadət Kadırovaya, Abbas ailəsinə bu əsərləri seçdiyinə görə təşəkkür etmək istəyirəm. Əminəm ki, çoxlu insanlar həm Abbası, həm də onun yaradıcılığını sevərək bu sərgini ziyarət edəcək”.

“Azərbaycan” pavilyonunun direktoru Səadət Kadırova bildirib ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə pavilyonda maraqlı sərgilərin açılması artıq yaxşı ənənəyə çevrilib: “Keçən il bu vaxtı Erzi Fondunun uşaqların əsərlərindən ibarət beynəlxalq sərgisini təşkil etmişdik. Bu il isə Azərbaycanın görkəmli rəssamı Abbas Kazımovun əsərlərindən ibarət sərgini təşkil etmək qərarına gəldik. Mən Abbas Kazımovla ölümündən az əvvəl tanış olmuşdum. Planlar qurduq, razılaşdıq ki, onun sərgisini keçirək. Abbas Kazımovun dünyadan köçdüyünü biləndə, söz verdiyim kimi burada onun sərgisini çəkmək mənim üçün şərəf məsələsi oldu. Abbas inanılmaz dərəcədə mehriban insan idi. O, adını Rusiya və Azərbaycan tarixinə yazdırmış insanlar tərəfindən sevilir və hörmət edilirdi. Ona açıq, səmimi, insanlığına görə hörmət edirdilər. O, Qarabağın itirilməsindən çox narahat idi. Onun rəsmlərində əks etdirdiyi ağrı məhz bununla bağlı idi. Abbas Kazımovun Xocalı faciəsinə həsr olunmuş bütöv bir silsilə rəsm əsərləri var. O, ərazilər qaytarılanda, Azərbaycan qalib gələndə inanılmaz dərəcədə sevinirdi. Abbas Kazımov Qarabağdakı Qələbənin birinci ildönümünə iki gün qalmış vəfat etdi. Mən Abbas Kazımovun xatirəsinə ehtiram olaraq bu sərgini açmaq istəyirəm. İstəyirəm ki, bu sərgi onun yaradıcılığının daha bir davamı, yolunun davamı olsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR