Qarabağ mövzusunda elan olunmuş ssenari müsabiqəsinə qəbul başa çatıb

Qarabağ mövzusunda elan olunmuş ssenari müsabiqəsinə qəbul başa çatıb
# 20 iyul 2022 12:24 (UTC +04:00)

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibəti ilə Qarabağ mövzusunda elan olunmuş “AZƏRBAYCANFİLM - 100” adlı ssenari müsabiqəsinin qəbul mərhələsi başa çatıb.

Kinostudiyadan APA-ya verilən xəbərə görə, iyunun 1-dən başlayan sənəd qəbulu iyulun 15-də yekunlaşıb.

Tammetrajlı bədii film ssenarisi kateqoriyasında keçirilən müsabiqənin məqsədi kinematoqrafiya sahəsində çalışan yaradıcı şəxslərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək və kinostudiyanın ssenari portfelini formalaşdırmaqdır.

Müsabiqəyə 60 müraciət daxil olub. Bu müraciətlərdən 7-i reqlamentə uyğun olmadığı üçün qəbul olunmayıb. Digər 53 ssenari isə Ekspert Şurasının müzakirəsinə həvalə olunub.

Qalibləri Kinostudiya nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək. Ssenarilərin oxunması prosesi davam edir. Ekspert Şurasının artıq ilk müzakirəsi keçirilib.

Müsabiqənin qaliblərinə müvafiq olaraq 10 000, 8 000 və 5 000 manat məbləğində mükafat veriləcək.

Qaliblərin adları 2022-ci il avqust ayının 2-də Azərbaycan kinosu günündə elan olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR