Koronavirus əleyhinə görülən tədbirlər Azərbaycanda onlayn sifarişləri artırıb

Koronavirus əleyhinə görülən tədbirlər Azərbaycanda onlayn sifarişləri artırıb
  • Clock-gray 17:17
  • calendar-gray 19 Mart 2020

Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlər ölkədə onlayn sifarişlərin müəyyən qədər artımına səbəb olub və bu tendensiya davam edir.

Bunu "APA-Economics"ə "MiMobile" şirkətinin İdarə Heyətinin üzvü Cümşüd Əliyev deyib.

Onun sözlərinə görə, bir çox müəssisələr tərəfindən bu istiqamətdə önəmli addımlar atılıb ki, bu da insanların sağlamlığının qorunması ilə izah olunur: "Lakin bununla yanaşı, mənfi cəhətlər də var. Belə ki, gəlirlərin kəski azalması sahibkarlara icarə haqlarını, vergi və sosial ödənişlərin edilməsində çətinlik yaradır. Həmçinin, banklarda olan biznes kreditlər üzrə ödənişlərdə də situasiyaya görə hər hansı bir təklif yoxdur. Yaranan hal nəticəsində iqtisadiyyatın bir hissəsi, əsasən də orta və kiçik sahibkarlıq subyektləri daha çox zərər çəkəcək. Banklardan, sahibkarlardan bir birinə dəstək olarsa, o zaman ziyan daha az ola bilər".

C. Əliyevin fikrincə, koronavirus təhlükəsinin qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlər malların ölkəyə idxalına təsir etməyib və bu proses adi rejimdə davam edir.

"Sərhədlərdə yük avtomobillərinin ölkəyə daxil olmasında müşahidə olunan müəyyən ləngimələr, ilk növbədə, ölkəyə qayıdan vətəndaşların yoxlanılması fonuna baş verir. Yüklərin yoxlanılması və dezinfeksiyası da, əlbəttə, daha çox vaxt aparır", - deyə C. Əliyev bildirib.

Hüseyn Vəliyev

Digər xəbərlər