Azərbaycanda indiyədək 187 314 e-imza sertifikatı istifadəyə verilib

Azərbaycanda indiyədək 187 314 e-imza sertifikatı istifadəyə verilib
# 25 iyul 2019 17:19 (UTC +04:00)

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) elektron imza (e-imza) ilə bağlı növbəti statistik göstəriciləri açıqlayıb.

Mərkəzdən “APA-Economics”ə verilən məlumata görə, MHM-nin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən istifadəyə verildiyi gündən 2019-cu ilin 1 iyul tarixinədək ümumilikdə 187 314 e-imza sertifikatı istifadəyə verilib. Onlardan 104 802-i dövlət qurumları, 46 034-i hüquqi və fiziki (sahibkarlar) şəxslər, 36 478-i vətəndaşlar tərəfindən əldə olunub.

Cari ilin ilk yarısında isə istifadəyə verilən e-imza sertifikatlarının sayı 20 376 ədəd təşkil edib. Bu sertifikatlardan 13 484-ü dövlət qurumlarının, 4 458-i hüquqi və fiziki şəxslərin, 2 402-i vətəndaşların, 32-i isə qeyri-rezidentlərin payına düşüb.

Son bir ayda istifadəyə verilən e-imza sertifikatlarının sayı 2 850 olub. Belə ki, 2019-cu ilin iyun ayında dövlət qurumlarına 1 742, hüquqi və fiziki şəxslərə 822, vətəndaşlara isə 286 e-imza sertifikatı verilib.

“Elektron imza istifadəçilərinin sayının artması aparılan əməliyyatların sayının artmasına da təsir göstərir. Son bir ildə dövlət qurumları tərəfindən 8 992 379, hüquqi və fiziki şəxslər tərəfindən 1 645 574, vətəndaşlar tərəfindən 37 340 olmaqla, ümumilikdə 10 675 293 autentifikasiya və e-imza əməliyyatı aparılıb. Təkcə 2019-cu ilin ikinci rübü ərzində aparılan əməliyyatların ümumi sayı 3 973 472 olub. Onlardan dövlət qurumlarının payına toplam olaraq 3 507 322, hüquqi və fiziki şəxslərin payına toplam 453 930, vətəndaşların payına isə 12 220 autentifikasiya və elektron imza əməliyyatı düşüb”, - deyə MHM-dən bildirilib.

Qeyd edək ki, e-imza virtual məkanda şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, elektron imza ilə imzalanan elektron sənədlər əl imzası ilə imzalanan və möhürlənən sənədlərə bərabər tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR