Bakı metropoliteni daha iki yeni qatar xəttə buraxıb

Bakı metropoliteni daha iki yeni qatar xəttə buraxıb
  • Clock-gray 11:30
  • calendar-gray 22 Avqust 2019

Bakı metropolitenində Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş” ASC-nin istehsalı olan 10 vaqondan ibarət növbəti iki qatar xəttə buraxılıb.

“Bakı metropoliteni” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, iyul ayında Bakıya gətirilən vaqonlarda ötən müddət ərzində istehsalçı müəssisənin mütəxəssisləri tərəfindən sazlama, tənzimləmə və texniki təlimat tələblərində göstərilən sınaq işləri aparılıb.

81-765.Б/766.Б modelli vaqonlar müasir dövrün tələblərinə uyğun olaraq texnoloji innovasiyalar baxımından 4-cü nəslə aiddir. Sərnişin təhlükəsizliyi və rahatlığına görə dövrün ən son yenilikləri, habelə "Bakı Metropoliteni" QSC-nin bütün texniki tələbləri nəzərə alınmaqla istehsal edilmiş vaqonların istismar müddəti 30 ildir.

Məlumat üçün bildirək ki, 2019-cu il yanvar ayının 31-də "Transmaşholdinq" şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq, cari il ərzində Bakı metropoliteni üçün 30 yeni tipli vaqon istehsal olunmalı idi. Onlardan ümumilikdə 10 vaqondan ibarət iki qatar tərkibi iyun ayının 4-də Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun və "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun iştirakı ilə Bakıya yola salınaraq, iyul ayının 2-də sazlama və sınaq işlərindən sonra xəttə buraxılıb.

Bu il üçün nəzərdə tutulmuş 10 vaqondan ibarət son iki qatar isə avqust ayının sonuna kimi Bakıya gətiriləcək. Sentyabr ayında həmin qatar tərkibləri də müvafiq sazlama, tənzimləmə və sınaq işlərindən sonra xəttə buraxılacaq. Bununla Bakı metropoliteninin xətlərində innovasiyalar baxımından 4-cü nəslə mənsub vaqonların sayı 55-ə çatdırılacaq.
 

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date