Baş nazir şəhərdaxili hərəkət planının hazırlanması Qaydasını təsdiqləyib

Baş nazir şəhərdaxili hərəkət planının hazırlanması Qaydasını təsdiqləyib
# 24 yanvar 2022 18:20 (UTC +04:00)

“Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası” təsdiq edilib.

APA-nın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, ilkin mərhələdə Bakı şəhərinin inzibati ərazisinə münasibətdə Bakı Nəqliyyat Agentliyi, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Yevlax, Lənkəran, Şəki, Naftalan, Şəmkir, Quba, Tovuz, Qusar, Biləsuvar, Masallı, Xaçmaz, Göygöl, Göyçay, Ağcabədi şəhərləri üzrə isə yerli icra hakimiyyəti orqanları müvafiq şəhərlərin küçə-yol şəbəkəsində yol hərəkətinin bütün iştirakçılarının səmərəli, təhlükəsiz və rahat hərəkətini təmin edən “Şəhərdaxili hərəkət (mobillik) planı”nın layihəsini altı ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Bu Qayda şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması üçün əsas prinsipləri, istiqamətləri, mobillik planının tərkibini və məzmununu, onun hazırlanması üçün zəruri olan minimum tələbləri və əsasları müəyyən edir.

Şəhərdaxili hərəkət (mobillik) planı əhalinin və ərazinin perspektiv inkişafı nəzərə alınmaqla yol hərəkətinin bütün iştirakçılarının təhlükəsiz hərəkətinin təmin edilməsi, ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması, habelə nəqliyyat vasitələrindən (o cümlədən, velosiped nəqliyyatından), nəqliyyat və piyada infrastrukturundan istifadənin müasir tələblərə cavab verən səviyyədə təmin edilməsi üçün hazırlanmış plandır.

Mobillik planı hər bir şəhərin qüvvədə olan Baş planı əsasında hazırlanır. Mobillik planının qüvvədəolma müddəti Baş planın qüvvədəolma müddəti ilə müəyyən edilir. Baş plan olmadığı halda və ya Baş planın qüvvədəolma müddəti bitdikdə, şəhərlərin bütün ərazisi üçün mobillik planının hazırlanmasına yol verilir. Mobillik planı yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin və Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyinin sifarişi ilə hazırlanır və Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Hər bir şəhər üçün yalnız bir mobillik planı olmalıdır.

Mobillik planı sifarişçi ilə layihələndirmə fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər (layihəçi) arasında bağlanılmış müqavilə əsasında qarşılıqlı razılaşdırılmış müddətdə hazırlanır.

Sifarişçi ilə layihəçi arasındakı müqavilə “Dövlət satınalmaları haqqında” qanuna və mülki qanunvericiliyə uyğun bağlanılır.

Layihəçi sifarişçi ilə bağladığı müqaviləyə və sifarişçinin layihə tapşırığına uyğun fəaliyyət göstərir. Layihəçi müqavilə şərtlərinə riayət edilməsinə, layihə keyfiyyətinə, əsaslandırılmasına və razılaşdırılmasına, həmçinin layihənin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını təmin edir və buna görə cavabdehlik daşıyır.

Mobillik planı ictimaiyyət üçün açıqdır. Sifarişçi hüquqi və ya fiziki şəxslərə mobillik planı ilə tanış olmaq imkanı yaratmalı və sorğu əsasında həmin sənədlərin surətini verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR