Sumqayıtda sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb

Sumqayıtda sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb
# 02 fevral 2023 15:03 (UTC +04:00)

Sumqayıt şəhərində içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

APA-Economics” “Azərsu” ASC-nin yaydığı məlumata istinadən xəbər verir ki, bir vətəndaşa məxsus donuzçuluq təsərrüfatının su təchizatı özbaşına çəkilmiş xətt vasitəsilə aparılır. Təsərrüfat sahibi texniki şərt almadan və “Azərsu” ASC ilə müqavilə bağlamadan sudan bolluca istifadə edir. Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən və kafe kimi fəaliyyət göstərən 2 obyektin də su təchizatı özbaşına çəkilmiş xətt vasitəsilə aparılır. Obyektlərin sahibləri yaxınlıqda yerləşən binanın zirzəmisindən su götürüb.

Nəzarət tədbirləri zamanı bir sıra fərdi yaşayış evlərinin də içməli su şəbəkəsinə qanunsuz qoşulduğu aşkarlanıb. Belə ki, fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan şəxslər yaxınlıqdan keçən su xəttindən bir neçə yaşayış evinə qeyri-qanuni su xətti çəkiblər.

Aşkarlanmış qeyri-qanuni xətlər və birləşmələr ləğv edilib. Fərdi yaşayış evlərinin və obyektlərin sahiblərinə su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumatlar verilərək bildirilib ki, içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR