"APA-Economics" Azərbaycan sığorta bazarının aparıcı mütəxəssislərindən biri, "AZSIĞORTA" şirkətinin Direktorlar Şurasının sədri Viladi Maniyevlə sığorta bazarında baş verən proseslər və sözügedən sığorta şirkətinin son dövr üzrə fəaliyyəti ilə bağlı müsahibəni təqdim edir:
- Viladi müəllim, gəlin söhbətə əvvəlcə sığorta bazarının maliyyə durumundan başlayaq. 2014-2015-ci illərdə baş verən devalvasiya banklarla yanaşı, sığorta sektorunu da vurdu. Xüsusilə də banklarla əlaqəli sığorta şirkətləri bağlanmağa başladı. Hazırki durumu necə qiymətləndirirsiniz? Hazırda sığorta bazarı üçün hansı risklər qalmaqda davam edir?
- Dediyiniz hadisələr bütün iqtisadiyyatımıza təsir etdi, sığorta da kənarda qala bilməzdi. Banklarla əlaqəli sığortaçıların o dövrdə yaşadığı əlavə problemlər, əsasən, onların investisiyalarının lazımi dərəcədə diversifikasiya etmədiklərindən qaynaqlanırdı. Qeyd etmək istərdim ki, sektorun tənzimləyicisi bazar iştirakçılarının maliyyə dayanıqlığını qorumaq üçün bu məsələni diqqət mərkəzində saxlayır. Yaxın gələcəkdə investisiya siyasətinə dair likvidlik və diversifikasiya üzrə əlavə tələblərin tətbiqi də gözlənilir. Bu, sığortaçıların əlaqəli və yaxud aşağı reytinqli banklara investisiyaları effektiv olaraq məhdudlaşdıracaq.
Sığorta bazarı üçün hazırda mövcud olan əsas risk, ilk növbədə, geosiyasi durumun gərginləşməsi, qlobal bazarların parçalanması, müxtəlif sanksiyaların tətbiqi kimi faktorlardır. Nəticədə qlobal iqtisadi artımın əhəmiyyətli dərəcədə yavaşlanması gözlənilir. Düşünürəm ki, bu məzənnə dəyişməsi ilə müqayisədə daha ciddi çağırış ola bilər.
Əsas və daimi problemimiz isə odur ki, əhalimizin böyük əksəriyyəti sığortaya ehtiyac duymur. Bunun da əsas səbəbi iqtisadidir. Başqa ölkələrin təcrübəsi göstərir ki, insanlar yalnız ilkin, baza tələbatları (qida, yaşayış yeri, enerji) ödənildikdən sonra onlarda sığortaya maraq yarana bilər. Bizim adam başına düşən ÜDM səviyyəsi hələ ki buna imkan vermir. Ona görə də çoxumuz yalnız məcburiyyət qarşısında sığortaya müraciət edirik. Azərbaycanda bağlanan sığorta müqavilələrinin əksəriyyəti hansısa tələblə bağlıdır. Bu, qanunla tələb olunan AVSMMİS və daşınmaz əmlakın icbari sığortası, bankın tələbi ilə girov qoyulan əmlakın və ya borcalanın həyatının sığortası, beynəlxalq şirkətlərin kontraktorlara qoyduğu məsuliyyət sığortası tələbi ola bilər. Öz-özlüyündə bizneslər və fərdlər isə sığorta almağa o qədər də meylli deyillər. Ölkədə sığortanın inkişafının əsas göstəricisi sığorta yığımlarının ümumdaxili məhsulda (ÜDM) payıdır (buna penetrasiya deyirlər). Azərbaycanda penertrasiya 1%-ə yaxındır. Bu isə çox azdır. İnkişaf etmiş ölkələrdə bu rəqəmlər dəfələrlə çoxdur, məsələn, penetrasiya Avropada 5%, Şimali Amerikada 10%-dən çoxdur. Bu göstərici ilə adam başına düşən ÜDM arasında müsbət korrelyasiya var. Düşünürəm ki, yalnız bizim adam başına düşən ÜDM göstəricisi inkişaf etmiş ölkələr səviyyəsinə yaxınlaşdığından sonra penetrasiyanın radikal artımını gözləmək olar.
Ümidvaram ki, ölkəmizdə gedən pozitiv proseslər (korrupsiyaya qarşı mübarizə, şəffaflığın artırılması, kölgə iqtisadiyyatının məhdudlaşdırılması) iqtisadiyyatımızın inkişafına təkan verəcək və bu sığorta üçün də müsbət nəticələrə gətirəcək.

- Viladi müəllim, bəs həyatın yaşam sığortası artan marağı nəyə aid edək? Halbuki, ümumi sığorta bazarının 40%-dən çoxunu, həyat sığorta bazarının isə 93%-ni təşkil edir. Üstəlik yığımlar sürətlə artmaqda davam edir.
- Təbii, bu ola bilər. Tətbiq edilən vergi və sosial sığorta güzəştlərinə görə həyatın yaşam sığortası çox cəlbedici görünür. Yəni, tətbiq edilən güzəştlər bu sığortaya marağın artmasına stimul verir. Bu sığortaya yatırım edən vergi baxımından xərclərinə qənaət etmiş olur. Amma yenə bu da çox azdır. Bir çoxları deyirdi ki, bu sığorta ilə bağlı güzəştlər düzgün deyil, vergi daxilolmalarına mənfi təsir edir. Əslində elə deyil. Bu iqtisadiyyata uzunmüddətli investisiyalar üçün imkan yaradır. Müqavilə ən azı 3 illik bağlanır. Uzunmüddətli investisiya edilən vəsaitlər biznesə kredit olaraq yönləndirilə bilər. Bu baxımdan həyatın yaşam sığortasına tətbiq edilən güzəştlər verginin birmənalı olaraq azalması deyil. Bir tərəfdən vergi azalsa da, o biri tərəfdən bizneslərin inkişafı büdcəyə əlavə vergi gətirir.
- Biz niyə eyni stimulu digər sığorta növlərində görə bilmirik?
- Yığım sığortasının qeyri-həyat sığortasından fundamental fərqi ondan ibarətdir ki, sonda sığortalı ödədəyi vəsaiti vergi güzəştləri və investisiya gəlirləri ilə birlikdə geri alır.
Qeyri-həyat sığortasında isə müştərinin əldə etdiyi yalnız hadisə baş verdiyi zaman təqdim edilən təminatdır. Yəni, vətəndaş yalnız sığorta hadisəsi zamanı ödədiyi haqdan dəfələrlə artıq sığorta ödənişi əldə etmək imkanı qazanır. Əlbəttə, burada da hansısa stimullar barədə düşünməyə dəyər.

- Yeri gəlmişkən “AZSIĞORTA” şirkəti bu yaxınlarda maliyyə göstəricilərini açıqladı. 2021-ci ili sığorta şirkəti mənfəətlə başa vurmuşdu. Ötən il isə sığorta şirkəti mənfəətdən zərərə keçib. Bu nə ilə bağlıdır?
- Bəli, 2022-ci ili zərərlə başa vurduq. Bunun səbəbi bazarda təklif etdiyimiz məhsullardan biri – avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə zərərliyin kəskin artması oldu. Məhz bu səbəbdən biz bu növdən imtina etməli olduq. Bu, heç də asan qərar deyildi. Bu növ üzrə on minlərlə müştərimiz var idi. Belə müştəri bazasından istifadə edə bilsəydik, nəzəri olaraq digər məhsullarımızın çarpaz satış imkanı yaranardı. Lakin təcrübəmiz göstərir ki, bu yalnız potensial imkandır, onu reallaşdırmaq çətindir.
AVSMMİS üstünlüyü ondadır ki, tətbiq edilən mexanizm, effektiv vasitə ilə cərimələnmə mexanizmi onun əhatə dairəsinin 100%-ə yaxın olmasına şərait yaradıb. Problem isə ondadır ki, bu müştərilərin adətən birbaşa sığorta şirkəti ilə əlaqəsi olmur. Onlar ancaq sığorta agentini tanıyır. Sığorta agenti digər sığorta şirkəti ilə əməkdaşlığa başlasa sığortalı bunu hiss etməyəcək. Çünki hansısa problemi olanda məhz agentə müraciət edir. Bizim rəqib şirkətlərdən biri öz portfelini analiz etmişdi, məlum olmuşdu ki, 5 il ərzində ölkə üzrə müştərilərin əksəriyyətini əhatə ediblər. Bu o deməkdir ki, sığorta agenti vasitəsilə müştərilər sığorta şirkətləri arasında dövr edirlər. Könüllü sığorta məhsullarının satışı daha çətin olduğu üçün, təəssüf ki, agentlərin çox az hissəsi buna qadirdir. Bu, çarpaz satışların inkişafına mane olur.
AVSMMİS məhsulunun zərərliyini şərtləndirən əsas səbəb onun qeyri-bazar səciyyəli olmasıdır, yəni məhsulun qiyməti tələb və təklif balansı ilə müəyyən edilmir. Tariflər dövlət tərəfindən təyin edilir və sığortaçıların heç bir anderraytinq imkanı yoxdur. Bu səbəbdən bəziləri zərərli biznesdən qaçmaq üçün müştərilər qarşısında süni maneələrə əl atırdılar. Bizim üçün bu yol məqbul deyildi. Onu da qeyd etməliyəm ki, fikrimcə, hazırki mərhələdə sektorumuz bu növ üzrə tam bazar şərtləri ilə işləməyə hazır deyil.
- Deyə bilərikmi ki, sığorta şirkətinin avtomobillərin icbari sığorta ilə bağlı qərarı maliyyə göstəricilərinə təsir edib?
- Əlbəttə, qərarı sentyabrda icra etməsəydik, keçən ilin zərər məbləği daha böyük olardı. Qeyd edim ki, biz bağlanmış AVSMMİS müqavilələri üzrə öhdəliklərimizi tam həcmdə icra etməkdə davam edirik, hadisələr tənzimlənir, zərər məbləğləri müntəzəm olaraq müştərilərə ödənilir. Buna baxmayaraq, birinci rübün nəticələri göstərir ki, biz artıq mənfəətlə işləyirik.
- Viladi müəllim, siz icbari avtosığortadan imtinanın sığorta şirkətinin maliyyə göstəricilərinə təsir etdiyini qeyd etdiniz. Amma biz görürük ki, “AZSIĞORTA”nın investisiya gəlirləri də 12%-dən çox azalıb. Bəs, bu nə ilə bağlıdır?
- AVSMMİS üzrə yığımlarımız milyonlarla manat təşkil edirdi və bu vəsait bizə həm də investisiya gəlirləri gətirirdi. AVSMMİS yığımları dayandırıldığı üçün, bu investisiya gəlirlərimizin də azalmasına təsir edib.
- Avtomobillərin icbari sığortasının yaratdığı boşluğu necə doldurmağa çalışırsınız? Başqa sığorta növləri üzrə portfeli genişləndirmək mümkündürmü?
- AVSMMİS üzrə lisenziyanın qaytarılması şirkətin yeni strategiyasında nəzərdə tutulan bir addım idi. Bu strategiya çərçivəsində şirkət daha çox aqrar sığortaya fokuslanmağı və hər zaman güclü olduğu əmlak sığortası üzrə portfelini genişləndirməyi hədəfləyir. Artıq demək olar ki, yeni strategiya nəticə verir – 2022-ci ilin yekunlarına görə könüllü əmlak sığortası üzrə yığımlarımız 20%-dən çox artıb. Aqrar sığorta üzrə satışlarda isə AZSIĞORTA, regionlarda geniş təmsil olunmasından bəhrələnərək, liderlərdən biri oldu. 2023-ci ildə bu istiqamətlərdə fəaliyyətimizi daha da inkişaf etdirməyi planlaşdırırıq və bu ilin nəticələrinin çox pozitiv olmasını gözləyirik.

- Söhbətimizin əvvəlində həyat sığortasından danışdıq. Bu bazarın potensialının böyük olması son bir neçə ildə bazara iki yeni həyat sığorta şirkəti qazandırıb. Yeni istiqamətlərə fokuslandığınızı nəzərə alsaq, “AZSIĞORTA”ya paralel həyat istiqamətində fəaliyyət göstərən şirkət yaradıla bilərmi?
- Həyat sığorta bazarında rəqabət hazırda kifayət qədər güclüdür. Yeni oyunçu üçün bu bazara daxil olmaq asan olmayacaq. Bazara girmək xərci var. Ən azı 5 milyon manat kapital tələb olunur. İndiki mərhələdə belə planlarımız yoxdur.
- Sizinlə söhbətlərimizdən və müşahidələrimizdən sığorta şirkətinin xərcləri optimallaşdırmağa çalışdığı sezilirdi. Belə görünür, son dövrlər xərcləri azaltmaq heç də asan deyil. Bu sığorta ödənişləri ilə bağlıdır, yoxsa necə?
- Sığortaçıların xərclərini iki əsas hissəyə ayırmaq olar – sığorta ödənişləri və inzibati xərclər. Sığortaçı anderraytinq aparmalıdır, yəni riskləri dəqiq qiymətləndirib, sığorta haqqını düzgün müəyyən etməlidir. Bizim təcrübəli anderraytinq komandamız var, inanıram ki, sığorta ödənişlərimizin səviyyəsi həm müştərilərimizi qane edəcək, həm də şirkətimizin maliyyə sabitliyinə xələl gətirməyəcək. İnzibati xərclərə gəldikdə isə, bəli, biz onları azaltmağa çalışırıq. Bu məqsədlə daxili proseslər optimallaşdırılır, idarəçilik strukturu və nəzarət mexanizmləri mütəmadi olaraq təkmilləşdirilir.
- Elektronlaşma sığorta bazarına necə təsir edə bilər?
- Qısa olaraq desək, çox müsbət. Elektronlaşma prosesləri sürətləndirir, kağız daşıyıcılarından azad edir, şəffaflığı artırır, inzibati xərcləri azaldır, müvafiq qurumların nəzarət imkanlarını genişləndirir. Nümunəvi misal AVSMMİS-in elektronlaşmasıdır. Zərərlik problemini kənara qoysaq, bu məhsul nəinki Azərbaycanda, həmçinin qonşu ölkələrlə müqayisədə çox proqressivdir – elektron şəhadətnamələr, onlayn ödəniş, nəzarət kameraları ilə inteqrasiya kimi xüsusiyyətlər bu növ üzrə penetrasiyanın 100% yaxın olmasına səbəb olub.
- Daşınmaz əmlakın icbari sığortası ilə bağlı qəbul edilən qanun layihələri bazara necə təsir edə bilər?
- Çox yaxın zamanda daşınmaz əmlakın icbari sığortası üzrə elektronlaşma gözlənilir. Müxtəlif qurumların informasiya bazalarının inteqrasiyası inkişaf üçün geniş imkanlar yaradır. Ümidvarıq ki, sığorta məbləğlərini obyektiv dəyərləndirmək imkanı da yaranacaq. Şübhəsiz, bu, bazara çox müsbət təsir edə bilər.
- Son dövrlər iri yanğın hadisələri və böyük zərərli sığorta hadisələri ilə qarşılaşırıq. Söhbət dəyəri 20-30 milyon manat olan hadisələrdən gedir. Necə düşünürsüz, təkrarsığorta ilə bağlı riskləri yenidən nəzərdən keçirməyə ehtiyac varmı?
- Nəzərə alsaq ki, biz əmlak sığortası seqmentində böyük təcrübəyə malik şirkətlərdən biriyik, təkrarsığorta bizim üçün çox önəmli məsələdir. Bizim təkrarsığorta üzrə obliqator müqaviləmiz 15 mln. manatadək riskləri əhatə edir, tərəfdaşlar isə yüksək reytinqli beynəlxalq təkrarsığorta şirkətləridir. Böyük zərərlə nəticələnən hadisələrdən danışırıqsa, burada problem təkrarsığorta sahəsində deyil – biz heç bir zaman təkrarsığortaçı tərəfindən ödənişlərlə bağlı çətinlik yaşamamışıq.
Çox zaman hadisə zamanı narazılığa səbəb olan amil obyektlərin natamam sığortasıdır. Bəzi sahibkarlar sığorta xərclərini azaltmaq üçün, əmlakın dəyərini ciddi şəkildə azaldır. Bu halda sığorta şirkətinin yeganə ümidi, müştərini maarifləndirmə yolu ilə bu səhv addımdan çəkindirməkdir. Təəssüf ki, əksər hallarda bu nəticə vermir.
Gəlin rəqəmlər üzərindən bu misala baxaq. Çox təxmini yanaşsaq, daşınmaz əmlakın icbari sığortası üzrə tarifi 0,2 faiz kimi götürə bilərik. Deməli, 1 mln. manatlıq sığorta predmetinin bir illik sığortası üçün sahibkar 2000 manat ödəməli idi. Sahibkar əmlakın dəyərini 100 min manat olaraq bildirməklə, sığortaya görə 200 manat ödəyir və hesab edir ki, 1800 manat qənaət edib. Hadisə baş verir və sahibkar sığorta müqaviləsində göstərilən tam məbləği alır, yəni 100 min manat. Real zərər isə 500 min manatdır. Beləliklə, 1800 AZN “qənaət” etməklə, sahibkar 400 min manat itkiyə gedir. Bizim təcrübəmizdə olub ki, müştəriyə 1,7 mln. manat sığorta ödənişi etmişik, lakin onun real ziyanı 20 mln. manatı aşmışdır.

- Viladi müəllim, bildiyimiz qədər “Azsığorta” həm də bu yaxınlarda Salvador Dalinin əsərlərini sığortalayıb. Azərbaycan sığorta bazarında dünya şöhrətli rəssamın əsərlərinin sığortalanması ilk dəfə baş verirdi. Sözügedən əsərlərin hansı məbləğdə sığortalandığını və sığortasının hansı riskləri əhatə etdiyini deyə bilərikmi?
- “AZSIĞORTA” olaraq, Heydər Əliyev Mərkəzi ilə birgə unikal bir layihəyə imza atmağımız əlamətdar hadisədir. Qeyd edim ki, Salvador Dalinin ən böyük kolleksiyasına daxil olan əsərlərini sığortalamaq bizim üçün böyük uğurdur. Detallara gəldikdə isə onu deyə bilərəm ki, biz Salvador Dalinin 200-ə yaxın qrafik əsərlərini, şüşədən və bürüncdən hazırlanan heykəltəraşlıq nümunələrini, eləcə də rəsmlərini sığortalamışıq. Rəssamın “Sürrealizm mənəm” adlı sərgisi 6 ay ərzində Heydər Əliyev Mərkəzində nümayiş olunacaq. Əsərlərin Bakıya daxil olandan tərk edənə kimi sığortası tərəfimizdən həyata keçirilir. Məbləğə gəldikdə isə kommersiya sirri olduğundan bunu açıqlaya bilməyəcəm. Amma təsəvvür edin ki, 200-ə yaxın dəyərli əsərlərin sığortalanmasında hansı rəqəmlərdən söhbət gedə bilər.
Foto: Orxan Kərimov © APA GROUP