Beynəlxalq Bankın xalis mənfəəti 10 mln. manatdan çox artıb

Beynəlxalq Bankın xalis mənfəəti 10 mln. manatdan çox artıb
# 20 iyul 2022 12:35 (UTC +04:00)

Azərbaycanın ən böyük bankı olan “ABB” ASC 2022-ci ilin birinci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.

"APA-Economics" xəbər verir ki, Bank bu ilin ilk yarısını 118,417 milyon manat xalis mənfəətlə başa vurub.

Qeyd edək ki, ABB 2021-ci ilin eyni dövrünü 148,150 milyon manat xalis mənfəətlə bağlamışdı. Bu, bankın xalis mənfəətinin azalması kimi görünə bilər. Amma bankdan bildirilib ki, ötən ilin eyni dövründə törəmə təşkilatdan 40 milyon manat dividend məbləği nəzərə alınmadıqda ABB-nin xalis mənfəətində 10,268 milyon manat artım var.

Hesabat dövründə “ABB” ASC-nin faiz gəlirləri 17,8% artaraq 253,856 milyon manat təşkil edib. Bankın qeyri-faiz gəlirləri isə ötən ilin müvafiq dövründə törəmə müəssisədən əldə edilmiş birdəfəlik dividend istisna olunmaqla, 22,310 milyon manat artaraq 81,640 milyon manata yüksəlib.

Bu dövrdə bankın cəmi əməliyyat gəlirləri 335,496 milyon manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 160,491 milyon manat, əməliyyat mənfəəti 175 milyon manata bərabər olub. Bank əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 35,372 milyon manat ayırıb. Bundan əlavə, 21,216 milyon manat mənfəət vergisi ödəyib.

Bu il iyulun 1-nə “ABB” ASC-nin cəmi aktivləri 5,2% artaraq 12,082 milyard manata çatıb. Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) ötən bir il ərzində 27% artaraq 3,440 milyard manata, o cümlədən biznes kreditləri 1,772 milyard manata kimi yüksəlib. “ABB” ASC-nin depozit portfeli isə 10,4% artaraq 9,120 milyard manata bərabər olub.

“ABB” ASC-nin cəmi kapitalı isə 1,559 milyard manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 8,5% çoxdur. Bankın 1-ci dərəcəli kapitalının adekvatlıq əmsalı 18,28%, məcmu kapitalının adekvatlıq əmsalı 19,27% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR