Azərbaycan 5 ilə qeyri-neft ixracını iki dəfə artırmaq niyyətindədir

Azərbaycan 5 ilə qeyri-neft ixracını iki dəfə artırmaq niyyətindədir
  • Clock-gray 12:05
  • calendar-gray 02 Dekabr 2020

Azərbaycanın milli ixrac strategiyası çərçivəsində 2025-ci ilin sonunadək qeyri-neft ixracının iki dəfə artırılması planlaşdırılır.

"APA-Economics"in məlumatına görə, bunu "Caspian Energy Club"ın təşkilatçılığı ilə keçirilən onlayn "B2G Forum"da çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, 2021-2025-ci illəri əhatə edəcək milli ixrac strategiyası çərçivəsində əsas məsələ 2025-ci ilin sonunadək qeyri-neft ixracını iki dəfəyədək artırmaqdır: "Bu ilin sonuna qeyri-neft ixracının ötən illə müqayisədə 7,5-8% düşəcəyini gözləyirik ki, bu da təxminən 1,85 mlrd. dollar deməkdir. 2025-ci ilin sonunadək iki dəfə artımı 3,6 mlrd. dollar dəyərində görürük. Düşünürük, bunun üçün lazımi potensial mövcuddur", - deyə Y. Abdullayev qeyd edib.

Qeyd edək ki, Azərbaycanın milli ixrac strategiyasının gələn ilin əvvəlində təsdiq olunacağı gözlənilir. Sənəd yaxın vaxtlarda növbəti dəfə sahibkarların iştirakı ilə müzakirəyə çıxarılacaq və daha sonra hökumətə təqdim olunacaq.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın qeyri-neft ixracı 1,4 mlrd. dollar təşkil edib (azalma 11%).

Hüseyn Vəliyev

Digər xəbərlər