Azərbaycan Banklar Assosiasiyası İkinci Qarabağ müharibəsi iştirakçılarının kredit borcu ilə bağlı bəyanat yayıb

Azərbaycan Banklar Assosiasiyası İkinci Qarabağ müharibəsi iştirakçılarının kredit borcu ilə bağlı bəyanat yayıb
  • Clock-gray 16:28
  • calendar-gray 02 Dekabr 2020

Azərbaycan Banklar Assosiasiyası (ABA) bəyanat yayıb.

ABA-dan “APA-Economics”ə verilən məlumatda bildirilir ki, son dövrlər bəzi mətbu orqanlarda və sosial şəbəkələrdə bankların kredit borcunun ödənməsi üçün şəhid ailələrini və qaziləri narahat etməsi barədə həqiqəti əks etdirməyən məlumatlar yer almaqdadır: “Azərbaycan Banklar Assosiasiyası olaraq bir daha bəyan edirik ki, Azərbaycan Prezidentinin tapşırıqları və Azərbaycan Mərkəzi Bankının tövsiyəsi ilə hərbiçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşlarımızın dəstəklənməsi məqsədilə banklar yekdil olaraq müəyyən qərarlar qəbul edib. Belə ki, torpaqların azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş hərbiçilərin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinməsi, düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinməsi, hərbi əməliyyatlar zamanı yaralanmış hərbiçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılması, torpaqların azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş bank əməkdaşlarının ailələrinə şəhidin bir illik əmək haqqı miqdarında vəsait ödənilməsi, həmçinin torpaqların azad edilməsi uğrunda döyüşlərdə yaralanmış bank əməkdaşlarına onun üç aylıq əmək haqqı miqdarında birdəfəlik maddi yardım ödənilməsinə dair qərarlar qəbul edilib”.

ABA-ya üzv banklar qəbul edilmiş qərarı tam şəkildə icra etməkdədir. Banklar cəbhəyə səfərbər edilmiş, döyüş bölgəsində yaralanmış və şəhid olmuş şəxslər haqqında və digər əlaqədar məlumatlara malik olmurlar. Buna görə də, bankların şəhid ailələri və qazilərlə əlaqə saxlaması kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə deyil, yalnız onların müvafiq statusunun müəyyən edilməsi və bankın daxili məlumat bazasında uyğun qeydlərin aparılması məqsədi daşıya bilər.

“Hazırda əsassız, ictimaiyyətdə yanlış fikir formalaşdıra biləcək məlumatların xəbər reytinqi, baxış sayı məqsədilə yayılmasının ümumi işimizə və qarşıya qoyduğumuz məqsədlərə uyğun olmadığını və belə hallardan çəkinməyin məqsədəuyğun olduğunu hesab edirik. Azərbaycan bank icması hər zaman olduğu kimi Azərbaycan Respublikasının Prezidentinin tapşırıqlarını rəhbər tutaraq şəhid ailələri və qazilərimizə, eləcə də vətənimizin düşməndən azad edilməsində iştirak edən hərbiçilərimizə münasibətdə həssaslıq nümayiş etdirməyə davam edəcəklər”, - deyə ABA-dan bildirilib.

APA-Economics

Digər xəbərlər