DSK: Sentyabrda ölkə üzrə orta aylıq əməkhaqqı 723,4 manata çatıb

DSK: Sentyabrda ölkə üzrə orta aylıq əməkhaqqı 723,4 manata çatıb
  • Clock-gray 17:13
  • calendar-gray 13 Noyabr 2019

Bu il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% artaraq 1 639,1 min nəfər olub, onlardan 909,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 729,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə (DSK) istinadən verdiyi məlumata görə, muzdla işləyənlərin 20,2%-i təhsil, 17,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,3%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6%-i tikinti, 6,9%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 13%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Cari ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 11,7% artaraq 603,5 manat təşkil edib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində sentyabr ayının 1-dən ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəlməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində 2019-cu ilin sentyabr ayında ölkə üzrə orta aylıq nominal əməkhaqqı 723,4 manata çatıb ki, bu da ötən ilin sentyabr ayı ilə müqayisədə 35,8%, cari ilin avqust ayı ilə müqayisədə isə 21,6% çoxdur.

APA-Economics

Digər xəbərlər

Arxiv

date