Moskvada Polad Bülbüloğlunun təşəbbüsü ilə xarici diplomatlar üçün qəbul keçirilib

Moskvada Polad Bülbüloğlunun təşəbbüsü ilə xarici diplomatlar üçün qəbul keçirilib
# 26 noyabr 2019 19:24 (UTC +04:00)

Moskvadakı diplomatik korpusun duayeni, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun təşəbbüsü ilə Dövlət Tretyakovskaya Qalereyasında xarici diplomatlar üçün təntənəli qəbul keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, qəbul Rusiya Xarici İşlər Nazirliyinin və "Qazprombank"ın dəstəyi ilə baş tutub.

Qəbul çərçivəsində Tretyakovskaya Qalereyasında görkəmli rus rəssamı Vasili Polenovun sərgisi baş tutub. Sərgidə rəssamın 150-dən çox əsəri nümayiş etdirilib.

Qəbulda Rusiyada akkreditə olunan 60-dan çox ölkənin səfirləri iştirak edib.

Mərasimdə çıxış edən səfir Polad Bülbüloğlu bildirib ki, bu gün mədəniyyət məbədində müxtəlif ölkələri və qitələri təmsil edən səfirlər toplaşıb: "Bu gün bu məbəddə hansısa fikir ayrılığı, problemlər ikinci plana keçib. Birinci planda insanları bir-birinə yaxınlaşdıran mədəniyyət və incəsənətdir. Fikrimcə, bu məqam bu axşamın başlıca yekunudur".

Dövlət Tretyakovskaya Qalereyasının baş direktoru Zelfira Terequlova incəsənətin insanlar arasında hər zaman körpü olduğunu və bundan sonra da olacağını söyləyib: "Rus incəsənəti dünyada hələ sonacan qiymətləndirilməyib. Bu gün burada dünyanın hər bir nöqtəsindən diplomatların iştirakı onu göstərir ki, rus incəsənətinin, mədəniyyətinin universal əhəmiyyəti var".

Tədbirin fəxri qonağı qismində çıxış edən Rusiya Prezident Administrasiyasının xarici siyasət idarəsinin rəisi İqor Neverov Moskvadakı diplomatik korpusun duayeni, Azərbaycan səfiri Polad Bülbüloğluna bu təşəbbüsə görə təşəkkürünü bildirib: "Rusiya mədəniyyətinə, incəsənətinə marağın böyük olması sevindirici haldır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR