VDNX-da “Moskva-Bakı: iki məhəbbət şəhəri” festivalı keçirilib - FOTO

VDNX-da “Moskva-Bakı: iki məhəbbət şəhəri” festivalı keçirilib - FOTO
# 12 sentyabr 2022 11:49 (UTC +04:00)

Rusiya paytaxtında “Moskva-Bakı: iki məhəbbət şəhəri” festivalı keçirilib.

APA-nın Moskva müxbirinin məlumatına görə, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (VDNX) “Azərbaycan” pavilyonunun təşkilatçılığı ilə keçirilən festival Moskvanın 875 illik yubileyinə və “Şəhər günü”nə həsr olunub.

Festival “Azərbaycan” pavilyonunda keçirilib. İki ildən çoxdur ki, “VDNX”-nın əsas cazibə mərkəzinə çevrilən “Azərbaycan” pavilyonunda festival çərçivəsində milli rəqslərimizin nümayişi, Azərbaycan şah plovunun ənənəvi təqdimat şousu, Azərbaycan şirniyyatlarının bəzədilməsi üzrə ustad dərsləri, açıq havada qutab və Azərbaycan plovunun qazanda hazırlanması şousu keçirilib.

Festivalda iştirak edən Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov “Azərbaycan” pavilyonunun Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzinin əsl ulduzuna çevrildiyini söyləyib: “Digər pavilyonlardan fərqli olaraq, “Azərbaycan” pavilyonu ticarətlə məşğul olmur, maarifləndirici, iki ölkənin xalqları arasındakı dostluq münasibətlərini möhkəmləndirən tədbirlər təşkil edir. Bu, çox vacibdir”.

Festival çərçivəsində “Moskvanın maketi” pavilyonunda “Mədəni körpülər: Rusiya – Azərbaycan” filminin təqdimatı da keçirilib. Rusiya ilə Azərbaycan arasında dərin mədəni və tarixi əlaqələrin nümayiş olunduğu film “Azərbaycan” pavilyonu tərəfindən Moskvanın 875 illik yubileyinə hədiyyə olunub.

“Azərbaycan” pavilyonunun direktoru Səadət Kadırova bildirib ki, bu film Azərbaycanla Rusiya arasında olan ciddi mədəni tarixi əlaqələrdən bəhs edir: “İki ölkə arasında əlaqələrdən çox danışmaq olar. Amma ən başlıcası ölkələrimiz arasındakı əlaqələrdə mühüm rol oynayan dünya miqyaslı şəxsiyyətlərdir ki, onlar həm Azərbaycana, həm də Rusiyaya məxsusdur. Ona görə də, qərara gəldik ki, filmdə Moskvanın mərkəzində Azərbaycanla bağlı, əslən Azərbaycandan olan şəxsiyyətlər bağlı olan məkanları və bu məkanların yaranma tarixini çəkib göstərək”.

Rusiyalı ekspert Darya Qrevstova bildirib ki, “Mədəni körpülər: Rusiya – Azərbaycan” filminin Moskva sakinlərinin böyük marağına səbəb olacağını söyləyib: “Moskvanın Azərbaycanla bağlı lokasiyalarının nümayiş etdirildiyi filmdə mən özüm üçün yeni məlumatlar kəşf etdim. Düzünü deyim, indiyə qədər mən həmin yerlərin Azərbaycanla əlaqəli olduğunu bilmirdim. Maraqlısı odur ki, bu məkanların Azərbaycanla bağlı olduğunun tarixi filmdə ətraflı nümayiş olunur. Düşünürəm ki, bu film Rusiyanın media məkanında və sosial şəbəkələrdə də nümayiş olunmalıdır”.

Film Moskvanın mərkəzində əslən Azərbaycandan olan görkəmli şəxsiyyətlərlə bağlı tarixi məkanlara virtual ekskursiya təsiri bağışlayır. “Azərbaycan” pavilyonu və Moskvanın maketi pavilyonunun müştərək layihəsi olan filmin Azərbaycanın dövlət bayramlarında nümayişi də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR