Azərbaycan filmi “Oskar”a təqdim olunub

Azərbaycan filmi “Oskar”a təqdim olunub
# 23 oktyabr 2008 13:12 (UTC +04:00)
ABŞ Kino Akademiyasının saytında bu barədə məlumat yerləşdirilib. Şamil Nəcəfzadə APA-ya açıqlamasında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası və “United Multimedia Profil” şirkəti tərəfindən istehsal olunan filmin bir ay əvvəl Amerikaya göndərildiyini bildirib: “Filmin “Oskar”a təqdim olunmasında iki prodüser - Rauf Ataməlibəyov və Timur Vaynşteynin xüsusi xidmətləri olub. Bir ay əvvəl bizə bildirdirdilər ki, filmi təcili Amerikaya göndərmək lazımdır. Filmlər oktyabrın 1-nə kimi ora çatmalı idi. Məhz iki prodüserin səyi nəticəsində iki gün müddətində həm film, həm də filmlə bağlı sənədlər, fotolar, afişa Amerikaya çatdırıldı. Bir ay keçdikdən sonra Oskar Komitəsinin saytında xəbər verildi ki, Azərbaycandan “Qala” filmi həmin seçimə qəbul olunub”.
Ş. Nəcəfzadə Azərbaycan filminin bu mükafata təqdim olunmasını ölkənin kino tarixi üçün önəmli hadisələrdən biri kimi qiymətləndirib: “Biz etiraf etməliyik ki, Amerika Kino Akademiyasının xəritəsində hələlik Azərbaycan kinosu yer tutmur. İlk dəfə qatılmaqla mükafat qazanmaq mümkün deyil. Amma Azərbaycan kinosunun “Oskar” mükafatına təqdim olunması faktı ölkəmizin Amerika Kino Akademiyasının xəritəsində yer tutmasına zəmin yaradacaq. Bu mükafatı qazanmaq üçün zaman lazımdır. Azərbaycan kinosu Amerika Kino Akademiyasında özünü təsdiq etdikdən sonra gələcəkdə mükafatı qazanmaq şansı yaranacaq”.
Rejissorun sözlərinə görə, “Oskar” mükafatının 2009-cu il fevralın 22-də keçiriləcək təqdimat mərasiminə qədər müsabiqəyə təqdim edilmiş 67 film arasından seçim aparılacaq və mərasimdə 5 film seçiləcək: “Hətta 30 film arasına düşsək, Azərbaycan kinosu üçün böyük nailiyyət olacaq”.
Xatırladaq ki, “Qala” filminin quruluşçu rejissoru Şamil Nəcəfzadə, ssenari müəllifi şair Ramiz Rövşən, operatoru Kənan Məmmədov, rəssamları Arif Məhərrəmov və Əziz Məmmədovdur. Filmdə baş rolları xalq artistləri Rasim Balayev və Firəngiz Mütəllibova canlandırıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR