"Azərbaycanın mədəni marşrutlar potensialı" mövzusunda Respublika Müşavirəsi keçirilib

"Azərbaycanın mədəni marşrutlar potensialı" mövzusunda Respublika Müşavirəsi keçirilib
  • Clock-gray 12:45
  • calendar-gray 28 Fevral 2020

Bu gün Beynəlxalq Muğam Mərkəzində "Azərbaycanın mədəni marşrutlar potensialı" mövzusunda Respublika Müşavirəsi keçirilib.  

APA-nın məlumatına görə, tədbir Mədəniyyət Nazirliyi, Mədəni Marşrutlar üzrə Avropa İnstitutu və Avropa Şurasının təşkilatçılığı ilə baş tutub.  

Müşavirədə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycanın Mədəni Marşrutlar üzrə Avropa İnstitutuna 2011-ci ildən qoşulduğunu deyib. O qeyd edib ki, Azərbaycan bu illər ərzində şərab yolları, yəhudi irsi üzrə Avropa marşrutu, qədim qayaüstü incəsənət izləri, Tarixi termal şəhərlər Assosiasiyasının "termal şəhərlər" mədəni marşrutu və zeytun ağacları mədəni marşrutu üzrə ümumilikdə beş beynəlxalq mədəni marşruta qoşulub: "Bu mədəni marşrutlar Azərbaycanın yeni yaradıcılıq potensialının əks olunması baxımından olduqca əhəmiyyətlidir. İlk mədəni marşrut xətti olan şərab marşrutlarına daxil olanda bir sıra suallar ortaya çıxdı. Azərbaycanın şərabçılıq ənələri Avropa mədəniyyətinin ayrılmaz hissəsindən heç də geri qalmır. Bildiyiniz kimi, şərabın müalicəvi xüsusiyyətləri də var. Bu sahəni dünyada tanıtmaq lazımdır. Bunun üçün də Azərbaycanda kifayət qədər imkanlar var".  

Ə. Qarayev ikinci mədəni marşrutun yəhudi irsi ilə əlaqəli olduğunu diqqətə çatdırıb: "Bu gün Avropada mövcudluğunu sürdürən yeganə yəhudi şəhərciyi var, o da Qubadakı Qırmızı qəsəbədir. Onun varlığı İslam ölkəsi olan Azərbaycanın tarixən tolerantlıq və multikulturalizm ənənələrinə sadiqliyinə xəbər verir. "Termal şəhərlər" mədəni marşrutu isə növbəti xəttidir. İşğal olunan ərazilərdə bir sıra termal ərazilər var idi. Bu gün turizm şirkətləri termal ərazilərə turların təşkilində maraqlıdırlar".

Qobustan qayaüstü rəsmlərinin də Avropa mədəni marşrutuna qoşulduğunu deyən nazir sonuncu mədəni marşrut xəttinin "zeytun ağacları" olduğunu vurğulayıb: "Azərbaycanın zeytun yollarına daxil olması xüsusi rol oynayır. Ölkəmizin zeytun bağları kifayət qədərdir və yüksək keyfiyyətli məhsullar əldə edir".

Ə. Qarayev Azərbaycanın yeni marşrutların təşəbbükarı ola biləcəyini də diqqətə çatdırıb: "Təklif edərdim ki, biz xalçaçılıq üzrə mədəni marşrutun yaradılması təşəbbüsü ilə çıxış edək. Xalçalar təkcə Azərbaycanda yox, dünyanın müxtəlif ölkələrində istehsal olunur. Müvafiq təşkilatlar bu haqda düşünməlidir və nazirlik onlara dəstək olmağa hazırdır. Azərbaycan daha bir təşəbbüs də irəli sürə bilər. Azərbaycanın qədim musiqi mədəniyyəti ölkəsi olduğunu nəzərə alaraq islam dünyasının muğam yollarını təsis edə bilər. Azərbaycanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq muğam festivalı keçirilir. Əgər biz bu ənənənin dünyada tanıdılmasını istəyiriksə, muğam marşrutunun yaranması üşün təşəbbüs göstərə bilərik. Azərbaycanı yeni martşrular təqdim etməyə hazır ölkədir".

Avropa Şurasının Demokratiya üzrə Baş Direktorluğunun Avropa Şurasının Mədəni Marşrutların Sahəvi İnkişafı üzrə Katibliyinin rəhbəri, Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioni isə Azərbaycanın da mədəni martşrular təşəbbüsünü ortaya çıxaran ölkələrdən biri olduğunu qeyd edib:  "Məqsədimiz ölkələr arasında körpü yaratmaqdır. Mədəniyyəti inkişaf etdirmək üçün əlimizdə olan mədəni irsi qorumağımız olduqca vacibdir. Gələcəkdə də yeni marşrutlar yaradıla bilər. Məsələn, keramika olar bilər. Mən düşünürəm ki, bunun Azərbaycanda da qədim ənənəsi var. Azərbaycanın Şərqlə də əlaqələri var, bu da gələcəkdə bu marşrutların uzadılmasında əhəmiyyətli rol oynaya bilər. Azərbaycanı bir bütöv olaraq görmək üçün də bu marşrutlar vacibdir".

Mirmehdi Ağaoğlu

Digər xəbərlər