Bakıda Azərbaycan-Fransa birgə arxeoloji tədqiqatlarına həsr olunmuş sərgi açılıb

Bakıda Azərbaycan-Fransa birgə arxeoloji tədqiqatlarına həsr olunmuş sərgi açılıb
# 04 iyul 2019 20:37 (UTC +04:00)

İyulun 4-də Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan-Fransa birgə arxeoloji tədqiqatlarının 10 illiyinə həsr olunmuş sərgi açılıb.

APA-nın məlumatına görə, sərgi UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil edilib.

Mədəniyyət naziri Əbülfəs Qarayev sərginin açılış mərasimində çıxış edərək bildirib ki, bugünki sərgi təsadüfi bir vaxtda təyin olunmayıb: "Bildiyiniz kimi, hazırda Azərbaycanda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilir. Bu sərgi də sessiya çərçivəsində təşkil olunan tədbirlərdən biridir. Sərgi Azərbaycanla Fransa arasında həyata keçirilən əməkdaşlığın bariz nümunəsidir. Bizim və Fransa arxeoloqlarının birgə fəaliyyəti nəticəsində Azərbaycanın müxtəlif bölgələrində qazıntı işləri aparılıb. Bu sərgidə də həmin arxeoloji qazıntının nəticələri nümayiş olunur".

Daha sonra Fransanın Arktika və Antarktika məsələləri üzrə beynəlxalq danışıqlara məsul səfiri, sabiq ekologiya, dayanıqlı inkişaf və energetika naziri xanım Mari-Seqolen Ruayal Seqolen Royal çıxış edib. O bildirib ki, Azərbaycan və Fransa arxeoloqların tədqiqatlarının sərgisini keçirməklə əlaqələrimizin nə qədər dərin olmasını göstərmiş oluruq: "Qeyd etmək istərdim ki, bu layihələr Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüslərindən biridir".

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsini böyük hadisə adlandırıb: "Mən bunu möhtərəm prezidentimizin apardığı uğurlu siyasətin davamı kimi qiymətləndirirəm. Bugünkü sərgi də Azərbaycan elminin uğurlarının bariz nümunəsidir. Bizim və Fransanın arxeoloqları on il müddətinə bu araşdırmaları aparıblar. Düşünürəm ki, bu sərgi Azərbaycan arxeologiya elminin dünya elminə töhfəsidir".

Qeyd edək ki, sərginin ekspozisiyasında Fransa və Azərbaycan mütəxəssislərinin Tovuz, Ağstafa, Lənkəran, Lerik və Naxçıvan regionlarında apardığı birgə elmi ekspedisiyalar nəticələri nümayiş olunur. Beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyası 2006-cı ildən başlayaraq fəaliyyət göstərir. Ekspedisiya 2006-2013-cü illərdə Ovçulartəpəsi və Duzdağda, 2013-cü ildən başlayaraq isə Kültəpə və onun ətrafında araşdırma aparır. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu, Fransanın Milli Tədqiqatlar Mərkəzi və Parisin Sen-Jermen Milli Muzeyi əməkdaşlarının birgə səyləri ilə Lerik rayonunun Monidigah kəndi ərazisində aparılmış arxeoloji qazıntılar zamanı 200-dən çox maddi-mədəniyyət nümunəsi tapılıb.

Qədim yaşayış məskəni Fransadan olan Morqan qardaşlarının 120 il əvvəl Lerik rayonu ərazisində kəşfiyyat xarakterli qazıntı işlərinin nəticəsi kimi əldə olunan xəritə əsasında aparılan tədqiqatlar zamanı aşkarlanıb.

Ekspedisiyanın əsas məqsədi Azərbaycan ərazisində elmi tədqiqatlar aparmaqla, qədim insanların formalaşması, meydana gəlməsi proseslərini tədqiq etməkdir.

Sərgi avqustun 1-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR