Dövlət Xidməti: Qarabağdakı xristian abidələri də vandalizmə məruz qalıb

Azad Cəfərli

© APA | Azad Cəfərli

# 30 mart 2022 16:13 (UTC +04:00)

“İşğaldan azad olunan ərazilərdə 403 tarix-mədəniyyət və 864 mədəniyyət müəssisəsinə baxış keçirilib”.

APA xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Qubada YAP-ın təşkilatçılığı ilə “Soyqırımı: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 162 obyektin də yeni aşkar olunmuş abidə kimi monitorinqi aparılıb.

Azad Cəfərlinin sözlərinə görə, monitorinqlər nəticəsində baxış keçirilən tarix-mədəniyyət abidələrinin və tarixi, memarlıq, arxeoloji əlamət daşıyan obyektlərin əksəriyyətinin işğalçılar tərəfindən tamamilə dağıdılaraq yalnız qalıqlarının qaldığı, müdaxilələrin olunduğu və vandalizmə məruz qaldığı aşkar edilib: “Aparılan ilkin monitorinqlər zamanı 864 mədəniyyət müəssisəsinə baxış keçirilib ki, onlardan 462-si kitabxana, 348-i klub müəssisəsi, 20-si muzey, 26-sı uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur”.

O deyib ki, monitorinqlərlə bağlı məlumatlar Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcər rayonlarını əhatə edir: “Təəssüflə qeyd etməliyik ki, işğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılıb, eyni zamanda, bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli mənəvi dəyərləri təhqir edilib. Bu baxımdan Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Horadiz kəndindəki iki məscid, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri xüsusilə qeyd olunmalıdır”.

A. Cəfərli bildirib ki, Qaraağac qəbiristanlığında yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla XIX əsrə aid 4 türbə tamamilə məhv edilib: “Ağdam şəhərində yerləşən Pənahəli xanın (XIX əsr) və Mehdiqulu xanın türbələrinin dağıntılara məruz qoyulduğu, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan vurulduğu müəyyən olunub. İbrahimxəlil xanın türbəsi (XIX əsr) isə tamamilə dağıdılıb”.

Xidmət rəisi əlavə edib ki, təcavüzkar Ermənistan rəhbərliyinin təşkilatçılığı ilə Xocavənd rayonunda yerləşən Azıx mağarasında, Ağdam rayonunda yerləşən Şahbulaq qəsrinin yaxınlığında xarici ölkələrdən olan mütəxəssislərin də daxil edildiyi saxta arxeoloji ekspedisiyalar tərəfindən qanunsuz qazıntı işləri təşkil olunub. O deyib ki, eyni zamanda Ermənistan tərəfi daha bir təxribata əl ataraq Şuşa şəhərindəki Yuxarı Gövhər ağa məscidində “bərpa” işləri adı altında abidənin tarixini saxtalaşdırmaqla məşğul olub, xalqımıza məxsus bu tarixi tikilinin fars məscidi olmasını iddia edib.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisinin sözlərinə görə, Ermənistan tərəfinin vandalizmi yalnız müsəlman tarixi dini-memarlıq abidələrinə deyil, həmçinin xristian tarixi-dini abidələrinə münasibətdə də özünü göstərib. Belə ki, Kəlbəcər rayonunda yerləşən Xudavəng və Gəncəsər monastırları da daxil olmaqla, Qafqaz Albaniyasına aid bir çox məbədlər mənimsənilərək vandalizmə məruz qalıb. Xudavəng monastırına aid Arzu xatun kilsəsinin şərq divarındakı, Xudavəng monastırının incisi hesab olunan freska xüsusi üsullarla kəsilərək götürülüb. Gəncəsər monastırında aparılmış qanunsuz təmir işləri nəticəsində onun əzəli görkəminə zərər dəyib: “Ermənistan Respublikası tərəfindən memarlıq və arxeoloji abidələrlə yanaşı bağ-park, monumental və xatirə abidələri də dağıdılıb. Belə ki, Qubadlı, Füzuli və Ağdam şəhərlərində vaxtilə yerləşmiş 1941-1945-ci il müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidələri tamamilə məhv edilib. Füzuli şəhərində Məhəmməd Füzulinin heykəli, Laçın rayonunun Güləbird kəndində Sarı Aşığın xatirə muzeyi, Molla Pənah Vaqifin Şuşa şəhərində yerləşən büstü, şairə Natəvanın Ağdam şəhərində yerləşən qəbirüstü abidəsi dağıdılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR