Fransa və İslandiyanın təqdim etdiyi nominasiyalar Dünya İrs Siyahısına daxil edilib

Fransa və İslandiyanın təqdim etdiyi nominasiyalar Dünya İrs Siyahısına daxil edilib
# 05 iyul 2019 16:27 (UTC +04:00)

Fransanın təqdim etdiyi “Fransa Austral torpaqlar və dənizlər” qoruğu və İslandiyanın təqdim etdiyi “Vatnajökull Milli Parkı – alovun və buzun dinamik təbiəti” nominasiyaları Dünya İrs Siyahısına salınıb.

APA-nın məlumatına görə, bu qərar Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında verilib.

Fransanın Arktika və Antarktika məsələləri üzrə beynəlxalq danışıqlara məsul səfiri, sabiq ekologiya, dayanıqlı inkişaf və energetika naziri xanım Mari-Seqolen Ruayal iştirakçılara təşəkkürünü bildirib: "Ərazisinə görə dünyanın ən böyük qoruğu olan “Fransa Austral torpaqlar və dənizlər”ində 50 milyon quş məskunlaşıb. Qoruqda problemlərin aradan qaldırılması üçün ekoloji və elmi işlər aparmışıq. Bu gün qəbul edilən qərar bizi daha səylə işlər görməyə həvəsləndirir”.

Qeyd edək ki, Tailandın irəli sürdüyü “Ken Kraçan” Milli Parkı ilə bağlı fayl müzakirələrə səbəb olub. Nominasiya ilə bağlı iradlar nəzərə alınaraq üzv ölkələrin nümayəndələrindən ibarət işçi qrup yaradılıb. Günün sonunda işçi qrupunun hazırlayacağı qərar layihəsinə baxılması nəzərdə tutulub.

Diqqətə çatdırırıq ki, hazırda qarışıq (mədəni və təbii) irs nümunələrinin müzakirəsi başlayıb. Bu istiqamətdə ilk olaraq Şimali Makedoniya və Albaniyaya məxsus “Ohrid regionunun təbii və mədəni irsi” Dünya İrs Siyahısına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR