MTRŞ-da televiziya kanallarının xəbər departamentlərinin rəhbərləri ilə görüş keçirilib

MTRŞ-da televiziya kanallarının xəbər departamentlərinin rəhbərləri ilə görüş keçirilib
# 24 dekabr 2020 13:13 (UTC +04:00)

Milli Televiziya və Radio Şurasında ümumölkə televiziya kanallarının xəbər departamentlərinin rəhbərləri ilə görüş keçirilib.

Şuradan APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan televiziya kanallarının müharibə dövründə fəaliyyəti ümumən müsbət qiymətləndirilib. Vətən uğrunda şəhid olan əsgər və zabitlərimizin adlarının əbədiləşdirilməsi, onların qəhrəmanlıqları barədə materialların hazırlanmasında televiziya kanallarının müstəsna rolu qeyd olunub.

Televiziya kanallarında 44 gün davam edən Vətən Müharibəsi şəhidləri haqqında, onların keçdiyi qəhrəmanlıq yolu barədə reportajların hazırlanması və nümayişi işinin təşkili ətrafında fikir mübadiləsi aparılıb. Vətən uğrunda həlak olmuş şəhidlərin diqqətdən kənarda qalmaması məqsədilə Şura və televiziya kanallarının birgə təşəbbüsü ilə şəhidlər haqqında çəkilən reportajların ümumi reyestrinin aparılması təklif olunub.

Əldə olunmuş razılığa əsasən reyestr Milli Televiziya və Radio Şurasının monitorinq qrupu tərəfindən təşkil ediləcək və ora televiziya kanallarında şəhidlər haqqında çəkilmiş reportaj və materiallar haqqında məlumat daxil ediləcək. Reyestrin mütəmadi olaraq yenilənməsi və 44 günlük müharibədə şəhid olmuş bütün əsgər və zabitlər haqqında reportajların çəkilib nümayiş olunması prosesinin növbəti ilin ilk iki ayı ərzində başa çatdırılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR