Mətbuatın inkişafına dövlət yardımı ilə bağlı qanun layihəsi müzakirə edilib

Mətbuatın inkişafına dövlət yardımı ilə bağlı qanun layihəsi müzakirə edilib
# 06 aprel 2007 13:32 (UTC +04:00)
Mətbuatın inkişafına dövlət yardımı ilə bağlı Azərbaycan Mətbuat Şurasının hazırladığı qanun layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı Qubad İbadoğlu iştirakçıları layihə ilə tanış edib. Azərbaycan iqtisadiyyatının inkişafı ilə əlaqədar müxtəlif sahələrdə dövlət proqramlarının həyata keçirildiyini bildirən Q. İbadoğlu KİV-lə bağlı da dövlət proqramlarının reallaşdırılmasının mümkün olduğunu qeyd edib. Onun sözlərinə görə, qanun layihəsində KİV-in iqtisadi problemlərinin həlli üçün dövlət yardımlarının ayrılması nəzərdə tutulub. Sənədə əsasən yardımlar bütün mətbuat orqanlarına şamil edilməməli və yalnız müsabiqə yolu ilə müəyyənləşdirilməlidir. Layihədə KİV-in fəaliyyətində şəffaflığın təmin olunması ilə bağlı müddəalar da əksini tapıb. Q. İbadoğlu bildirib ki, müzakirələrdən sonra qanun layihəsinə əlavə və dəyişikliklər ediləcək və sənəd müvafiq dövlət qurumlarına təqdim olunacaq.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə layihəyə yayım firmaları ilə bağlı müddəaların əlavə olunması təklifini irəli sürüb. “Azərmətbuatyayım” firmasının direktoru Vüqar Səfərov da bu fikri dəstəkləyib. Onun fikrincə, yayım firmaları KİV-dən ayrılmamalıdır. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə bu layihənin parlamentdə qəbul olunacağına inanmadığını söyləyib: “Bu, ya dövlət proqramı şəklində hazırlanmalıdır, ya da digər yol tapılmalıdır”. Toplantıda digər iştirakçılar da məsələyə münasibət bildiriblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR