MTN Eynulla Fətullayevin evində və ofisində axtarışı başa çatdırıb

MTN Eynulla Fətullayevin evində və ofisində axtarışı başa çatdırıb
# 22 may 2007 16:49 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, MTN əməkdaşları “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinə məxsus kompüterin prosessorunu götürüblər. “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu bildirib ki, redaksiyada MTN-nin Baş İstintaq İdarəsindən Sahib Ələkbərovun rəhbərliyi ilə axtarış aparılıb. Şef-redaktora axtarışın Yasamal rayon Məhkəməsinin qərarı ilə aparılması barədə sənəd təqdim olunub. Ş. Çobanoğlu bildirib ki, MTN əməkdaşları ofisdəki 21 kompüterin prosessorunu götürüblər. O, evindəki iki kompüter prosessorunu da təqdim edəcəyini deyib. Axtarış hal şahidlərinin iştirakı ilə aktlaşdırılıb. Redaktor redaksiyadan jurnalistlərin bloknotlarının da götürüldüyünü bildirib. O, bu hadisələrin qəzetin nəşrini tam dayandırmasına nail olmaq üçün edildiyini də söyləyib.
MTN-nin E. Fətullayevin evində apardığı yoxlamalar da başa çatıb. E. Fətullayevin vəkili İsaxan Aşurov APA-nın hadisə yerində olan əməkdaşına bildirib ki, saat 10.30-dan 19.00-dək aparılan yoxlamanı MTN-nin Baş İstintaq İdarəsinin müstəntiqi və əməliyyat işçiləri aparıblar. Onlar evdən E. Fətullayevə verilmiş vizit kartları, kasetlər, disklər, fotoşəkillər, onun hərbi xidmətdən yadigar kimi gətirdiyi 7-62 kalibirli 1 ədəd dolu, 1 ədəd boş avtomat patronu və artilleriya mərmisinin bir ədəd qəlpəsini götürüblər.
Vəkil axtarış aparılmasına dair qərarda buna əsas verən kifayət sübutlar göstərilmədiyini söyləyib.
İ. Aşurov deyib ki, axtarış aparılmasına dair hərəkətdən ilk növbədə məhkəmə nəzarəti qaydasında şikayət etmək lazımdır: “Amma mən hələ ki, bunu çatdıra bilmirəm. Ona görə də E. Fətullayevin yaxınlarına prosesə ikinci vəkilin qoşulmasının vacib olduğunu bildirəcəyəm”.
Axtarışda iştirak edən E. Fətullayevin atası və digər yaxınları hər hansı açıqlama vermək istəmədiklərini bildiriblər.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi də “Gündəlik Azərbaycan və “Realnıy Azerbaydjan” qəzetlərinin vəziyyəti ilə bağlı bəyanat yayıb. Səfirlikdən APA-ya daxil olan bəyanatda qəzetlərin fəaliyyətinin dayandırılmasından narahatlıq hissi ifadə olunub:
“Avropa Şurası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvü kimi, Azərbaycan demokratik islahatlar sahəsində öz üzərinə geniş çeşiddə öhdəliklər götürüb”. Səfirlik Azərbaycan hökumətini “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin fəaliyyətini bərpa etməyə imkan verməyə çağırıb.
Onu da qeyd edək ki, MTN “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetinin redaksiyasında yerləşən Eynulla Fətullayevin ofisində və evində axtarış apardığını təsdiqləyib. APA-nın bununla bağlı sualını cavablandıran MTN-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev deyib ki, bu il mayın 16-da MTN-in İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcələsinin 214-cü maddəsi ilə terrorçuluqla hədələmə faktı üzrə cinayət işi başlanılıb. Həmin cinayət işi üzrə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetinin redaksiyasında yerləşən Eynulla Fətullayevin ofisində və evində qanunvericilikdə müəyyən edilmiş qaydada axtarış aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR