Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsi 9% artıb - FOTO

Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsi 9% artıb - FOTO
# 10 mart 2021 14:40 (UTC +04:00)

Ötən il Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsinin həcmində 9%, o cümlədən idxalda 8%, ixracda isə 60% artım qeydə alınıb.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Bakıda keçirilən Azərbaycan-Macarıstan işgüzar görüşündə çıxış edərkən deyib.

Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın Azərbaycan tərəfindən həmsədri olan nazir ölkədə səfərdə olan, komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Macarıstan biznes nümayəndələri ilə görüşüb.

S. Babayev iki ölkənin dövlət başçıları tərəfindən qəbul edilən “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin ölkələr arasında əməkdaşlığın genişlənməsinə imkan yaratdığını bildirib.

O, ölkələr arasında əlaqələrin ildən-ilə inkişaf etməkdə olduğunu vurğulayıb.

Nazir qarşılıqlı maraq və səylər nəticəsində və mövcud olan potensiala uyğun olaraq əlaqələrin qarşıdakı dövrdə daha geniş miqyas alacağını bildirib. Xidmət, nəqliyyat, ticarət, kənd təsərrüfatı, təmir-tikinti və s. sahələr üzrə Azərbaycanda 19 Macarıstan şirkətinin fəaliyyət göstərdiyini və onların uğurlu fəaliyyətini vurğulayıb.

S. Babayev işğalından azad ərazilərdə Macarıstan şirkətlərinin də quruculuq proqramında iştirak etməyə hazırlaşmasının məmnunluq doğurduğunu diqqətə çatdırıb.

Nazir ötən dövrdə keçirilən belə görüşlərin, biznes forumların, qarşılıqlı maraq doğuran təqdimatların önəmini qeyd edib. Hökumətlərarası Komissiyanın fəaliyyətinin də iqtisadi əlaqələrin daha da genişlənməsinə xidmət etdiyini deyib.

Görüşdə macar şirkətlərinin nümayəndələri ilə gələcək əməkdaşlıq məsələlərinə, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma layihələrinə dair fikir mübadilələri aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR