Azərbaycanın qeyri-neft sektoru üzrə sentyabrda əsas ixrac məhsulları qızıl, elektrik enerjisi və fındıq ləpəsi olub

Azərbaycanın qeyri-neft sektoru üzrə sentyabrda əsas ixrac məhsulları qızıl, elektrik enerjisi və fındıq ləpəsi olub
  • Clock-gray 12:03
  • calendar-gray 03 Noyabr 2020

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 10,6 mlrd. ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə 1,3 mlrd. dollar dəyərində ixrac reallaşdırılıb.

"APA-Economics"i məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, bu ilin yanvar-sentyabr ayları ərzində Rusiyaya 485,9 mln. dollar, Türkiyəyə 252 mln. dollar, İsveçrəyə 166,1 mln. dollar, Gürcüstana 99,6 mln. dollar və Çinə 33,4 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Hesabat dövründə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor – 167,8 mln. dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 150 mln. dollar) ikinci və pambıq mahlıcı (82,7 mln. dollar) üçüncü olub.

2020-ci ilin 9 ayı ərzində meyvə-tərəvəz ixracı 402 mln. dollar, pambıq lifi ixracı 83,9 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 73,7 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 60,3 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 38,2 mln. dollar,  plastmas və onlardan hazırlanan məmulatların ixracı 122,4 mln. dollar, pambıq ipliyi ixracı 12 mln. dollar, spirtli və spirtsiz içkilərin ixracı 9 mln. dollar, şəkər ixracı 12,4 mln. dollar, bitki və heyvan mənşəli piylər və yağlar  ixracı 17,3 mln. dollar, çay ixracı 6,7 mln. dollar təşkil edib.

Bu ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixrac isə 129,5 mln. dollar təşkil edib. Sentyabrda yeyinti məhsullarının qeyri-neft sektorunda payı 30,5%-dir. Yeyinti məhsullarının ümumi ixracda payı keçən ilin eyni dövrü ilə müqayisədə 3,9% artıb.

Bu ilin sentyabr ayında qeyri-neft məhsulları üzrə ən çox mal Rusiyaya (35,7 mln. dollar), İsveçrəyə (27,8 mln. dollar), Türkiyəyə (25,1 mln. dollar), Gürcüstana (7,6 mln. dollar) və İrana (6,9 mln. dollar) ixrac edilib.

2020-ci ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (25,8 mln. dollar) birinci, elektrik enerjisi (9,3 mln. dollar) ikinci, qabığı təmizlənmiş meşə fındığı – (8,3 mln. dollar) üçüncü yerdə qərarlaşıb.

Hüseyn Vəliyev

Digər xəbərlər