"Coca-Cola" 2 mindən çox iş yerini ixtisar edəcək

"Coca-Cola" 2 mindən çox iş yerini ixtisar edəcək
# 18 dekabr 2020 10:11 (UTC +04:00)

Dünyanın ən böyük alkoqolsuz içkilər istehsalçısı “Coca-Cola” şirkəti koronavirus pandemiyası səbəbindən dünya üzrə 2,2 min iş yerini ixtisar edəcək.

"APA-Economics"in məlumatına görə, bunu "Wall Street Journal"a şirkətin nümayəndəsi deyib.

Bildirilir ki, şirkət dünya üzrə 2,2 min, o cümlədən ABŞ-da 1,2 min iş yerini ixtisar edəcək. Belə ki, koronavirus pandemiyası şirkətin restrukturizasiya işlərini sürətləndirir.

Barların, restoranların, kinoteatrların və içki satılan digər yerlərin bağlanması ilə əlaqədar olaraq "Coca-Cola" şirkəti xərclərini azaltmaq məcburiyyətində qaldığını bildirib. Şirkət nümayəndəsinin sözlərinə görə, ixtisarın şirkətin ABŞ-dakı işçilərinin təxminən 12%-ni təşkil edir. Şirkət ixtisarların illik 350 mln. dollardan 550 mln. dollaradək qənaət etməyə imkan verəcəyini gözləyir.

"Wall Street Journal" onu da yazır ki, "Coca-Cola"nın Şimali Amerikadakı bölməsi yenidən təşkil ediləcək. Buna kimi Şimali Amerikada şirkətin özünün marketinq, dilerlərlə əlaqə və qablaşdırma üzrə müəssisələrlə koordinasiya üzrə şöbələri mövcud idi. Sözügedən şöbələrin birləşəcəyi gözlənilir.

Qeyd edək ki, cari ilin avqust ayında şirkətin yenidən qurulması çərçivəsində 4 min işçiyə könüllü işdən azad olunması təklif edilmişdi. Lakin sözügedən proqramda neçə işçinin iştirak etdiyi bildirilmir.

Xatırladaq ki, "Coca-Cola" 1892-ci ildə təsis edilib. Hazırda şirkətdə 700 mindən çox insan çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR