Palata: Xarici ticarət fəaliyyətinin iştirakçıları üzrə fərdi uçotun aparılması bu günədək təmin edilməyib

Palata: Xarici ticarət fəaliyyətinin iştirakçıları üzrə fərdi uçotun aparılması bu günədək təmin edilməyib
# 05 aprel 2021 13:33 (UTC +04:00)

Dövlət Gömrük Komitəsi tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçirilən gömrük orqanlarının avtomatlaşdırılmış informasiya sistemində bir sıra əhəmiyyətli işlərin görülməsi fonunda xarici ticarət fəaliyyətinin iştirakçıları üzrə şəxsi vərəqə prinsipi ilə fərdi uçotun aparılması bu günədək təmin edilməyib.

APA-Economics”in məlumatına görə, bu barədə “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatda bildirilir.

Qeyd olunur ki, bu, gömrük sistemində risklərin idarə olunması, gömrük ödənişlərinin hesablanmasının və daxilolmasının, artıq ödəmələrin və borcların uçotunda şəffaflığın təmin edilməsi kimi sahələrdə gömrük inzibatçılığının vəziyyətinin qiymətləndirilməsində çətinliklər yaradır.

Auditlə əhatə olunan dövrdə yalnız 230 xarici ticarət iştirakçısı olan hüquqi şəxsə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ əldə edib ki, bu da İdarə üzrə ümumi idxalatçıların cüzi hissəsini (2019-cu ildə 3,2%-ni, 2020-ci ilin yanvar-aprel aylarında 6,7%-ni) təşkil edir.

Gömrük qanunvericiliyi üzrə qanun pozuntuları hallarının aradan qaldırılması ilə bağlı gömrük nəzarəti tədbirləri auditlə əhatə olunan dövrdə faktiki olaraq gömrük dəyərinin düzgün bəyan olunmasının müəyyənləşdirilməsi istiqamətində aparılıb və tapıntılar cüzi məbləğlərlə ifadə olunub. Belə ki, əlavə hesablamalar 2019-cu ildə 2,9 mln. manat, 2020-ci ilin yanvar-aprel aylarında 0,5 mln. manat təşkil edib.

Əsasnaməsində səlahiyyətlərinə aid edilmiş xarici ticarət iştirakçılarında gömrük auditinin aparılması istiqamətində də zəruri işlər təşkil olunmamışdır. Son nəticədə auditlə əhatə olunan dövrdə müvafiq gömrük proseduraları üzrə ümumilikdə gömrük dəyəri 1 151,0 mln. manat olan malların ölkə ərazisinə şərti olaraq buraxılmasına baxmayaraq, həmin əməliyyatların risk analizi aparılmayıb, malların təyinatı üzrə istifadə olunması və digər riskli hallar üzrə sonrakı nəzarət qaydasında hər hansı gömrük nəzarəti tədbirləri həyata keçirilməyib.

Eyni zamanda, xarici ticarət iştirakçılarının güzəştli vergi tutulan ölkələr və ərazilərlə bağlı əməliyyatların xüsusiyyətləri nəzərə alınmaqla gömrük inzibatçılığı çərçivəsində risklərin dəyərləndirilməsi üçün hər hansı qaydalar müəyyənləşdirilməyib.

Gömrük nəzarəti zonasında, yaxud idxalatçının anbarında və ya digər təsərrüfat obyektində “Birgə baxış akt”ları tərtib edilməyib, son istifadə xüsusi gömrük proseduru altındakı malların saxlanıldığı və (və ya) istifadə edildiyi yerlərdə həmin mallardan qanunvericiliklə yol verilən təyinatlar üzrə istifadə üzərində birgə nəzarətin sənədləşdirilməsi təmin olunmayıb. İnzibati xəta haqqında protokollar və inzibati tənbeh vermə haqqında qərarlar normativ-hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun ciddi hesabat blanklarında deyil, Dövlət Gömrük Komitəsinin özü tərəfindən müəyyənləşdirdiyi standartlar əsasında tərtib (çap) edilmişdir. Bu isə, xarici ticarət iştirakçıları tərəfindən inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün tərtib edilmiş inzibati xəta haqqında protokolların hüquqi qüvvəsinin olmamasının mübahisələndirilməsinə əsaslar yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR