Azərbaycanda bağlanılan əmək müqavilələrinin sayı artıb

Azərbaycanda bağlanılan əmək müqavilələrinin sayı artıb
  • Clock-gray 15:01
  • calendar-gray 03 İyul 2019

Bu ilin iyun ayının sonuna Azərbaycanda bağlanılan əmək müqavilələrinin sayı ilin əvvəli ilə müqayisədə 7,3% və ya 101,66 min nəfər, o cümlədən qeyri-dövlət sektorunda 14,0% və ya 77,0 min nəfər artıb.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bağlanılan əmək müqavilələrinin ümumi sayı üzrə artımın 75,7%-i qeyri-dövlət sektorunun payına düşüb. Təkcə iyun ayı ərzində qeyri-dövlət bölməsində əmək müqavilələrinin sayında 11 minə qədər artım qeydə alınıb. Cari ilin 6 ayı ərzində qeyri-dövlət sektorunda əmək müqavilələrinin say artımının 26,3%-i ticarət, 18,9%-i xidmət, 18,7%-i sənaye sektorunun payına düşüb. Həmçinin cəmi əməkhaqqı fondunda da artım göstəriciləri müşahidə olunur.

Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalardakı əhəmiyyətli artım əmək bazarında başlanmış şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir

2019-cu ilin yanvar-may aylarında muzdu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,3% artaraq 1 milyard 21,6 milyon manat təşkil edib, bu sahədən daxilolmalar üzrə proqnozlar 113,8% icra edilib. 

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18,9% artaraq 667,5 mln. manat təşkil edib, proqnozlar 117,1% icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 74,2% artaraq 39 milyon manat təşkil edib, proqnozlar 116,5% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə isə daxilolmalar 87,8% artaraq 28,9 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnozlar 120,6% icra edilib. 5 ayda bu təşkilatların cəmi daxilolmada xüsusi çəkisi 68,7%-dən 74,2%-ə yüksəlib.

Beləliklə, qeyri-neft sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisi üzrə güzəştin tətbiqi nəticəsində itirilən vergi məbləğinin tam olaraq sosial sığorta və işsizlikdən sığorta haqları üzrə əlavə daxilolmalar hesabına kompensasiya edilməsi prosesi müşahidə olunur.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date