Azərbaycanla Özbəkistan arasında iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə Birgə İşçi Qrupu yaradılacaq

Azərbaycanla Özbəkistan arasında iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə Birgə İşçi Qrupu yaradılacaq
  • Clock-gray 16:40
  • calendar-gray 14 Oktyabr 2019

Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Toplantısında iştirak etmək üçün Bakıda səfərdə olan Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri Sardor Umurzakovla görüşüb.

APA-Economics”in İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə Birgə İşçi Qrupun yaradılması, Azərbaycanda Özbəkistanın investisiya imkanlarına dair təqdimatın keçirilməsi, müxtəlif sahələrdə, o cümlədən turizm, maşınqayırma, pambıqçılıq sahələrində qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi və s. məsələlər müzakirə edilib.

Görüşdə Ş. Mustafayev bildirib ki, hazırda Azərbaycanda tranzit, ticarət, sənaye və xidmət sahələrində Özbəkistan kapitallı 30-a yaxın şirkət fəaliyyət göstərir. 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 46%-dən çox, bu ilin 8 ayında isə 63% artıb. Azərbaycan və Özbəkistan arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, müxtəlif sahələri əhatə edən 110-dan çox sənəd imzalanıb. Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya əməkdaşlığın genişləndirilməsində əlverişli platformadır.

İqtisadiyyat naziri iki ölkə arasında sənaye, kənd təsərrüfatı, turizm, ticarət, investisiya və s. sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarını diqqətə çatdırıb.

Qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən Ş. Mustafayev iş adamlarının Azərbaycanda fəaliyyəti üçün yaradılan əlverişli şərait, sənaye parklarında və məhəllələrində rezidentlərə tətbiq edilən güzəştlər barədə məlumat verib, Özbəkistanın iş adamlarını birgə fəaliyyətə dəvət edib.

Beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın əlverişli geostrateji mövqeyi və böyük tranzit potensialı barədə danışan İqtisadiyyat naziri Özbəkistanla nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.

Öz növbəsində nazir S. Umurzakov Özbəkistanın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayıb, işgüzar görüşlərin, aparılan müzakirələrin, biznes forumların əlaqələrin inkişafında rolunu qeyd edib. S. Umurzakov Özbəkistan iş adamlarının Azərbaycanlı tərəfdaşları ilə əməkdaşlığın genişləndirilməsində marağını, bu məqsədlə iş adamlarının da daxil olduğu nümayəndə heyətinin Bakıda səfərdə olduğunu diqqətə çatdırıb.

APA-Economics

Digər xəbərlər

Arxiv

date