Bakıda "Biznesə başlama" mövzusunda təlim keçirilib

Bakıda "Biznesə başlama" mövzusunda təlim keçirilib
# 20 sentyabr 2019 12:07 (UTC +04:00)

Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Biznesə başlama” mövzusunda təlim keçirilib.

APA-Economics”in məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində daha da təkmilləşdirilmiş elektron müraciət sistemi ilə bağlı təqdimat keçirilib.

Vergilər Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə keçirilən tədbir zamanı Biznesə başlama sahəsində aparılan islahatlar, hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə daha da təkmilləşdirilmiş elektron sistem və ondan istifadə qaydaları ilə bağlı suallar cavablandırılıb.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə biznesə başlama sahəsində aparılan islahat prosesində sahibkarlıq subyektləri ilə iş nəzərdə tutulan icra və kommunikasiya planının prioritet istiqamətlərindəndir. Bu səbəbdən yeni elektron sistem üzrə sahibkarlıq subyektləri üçün aparılan təlim və görüşlər davamlı olaraq həyata keçiriləcək. V. Qasımlı biznesə başlama müddətinin 3,5 gündən 0,5 günə qədər endirildiyini nəzərə çatdırıb: “Bu gün sənaye məhəllələri və aqroparklarda yeni biznesə başlayanlar üçün həm də 7 il güzəşt nəzərdə tutulub. Qeyri-neft sektorunun payı 70%-ə yaxınlaşır. Dünya Bankının dünən yaydığı məlumatda göstərilir ki, bu il Azərbaycanda 2,8% iqtisadi artım gözlənilir”.

Daha sonra Vergilər Nazirliyinin müşaviri Ələkbər Məmmədov təkmilləşdirilmiş elektron müraciət sistemi ilə bağlı ətraflı məlumatlar təqdim edib.

Ə. Məmmədov yeni onlayn qeydiyyat sistemi barədə məlumat verib. Bildirilib ki, bu islahatlar nəticəsində hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatına alınması üçün əlverişli şərait yaradılıb. Belə ki, cari ilin əvvəlindən başlayaraq dövlət qeydiyyatının aparılmasının (ƏDV qeydiyyatı və bank hesabının açılması da daxil olmaqla) bir prosedurla tamamlanması mümkündür. Qeydiyyatın həyata keçirilməsi üçün e-ərizənin elektron imza ilə təsdiq edilməsi zərurəti aradan qaldırılıb, eləcə də qeydiyyatla bağlı əvvəllər mövcud olan bütün prosedurlar ləğv olunub.

Nəticədə hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyə azaldılıb, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib.

Yeni xidmətdən yararlanmaq istəyən istifadəçilər elektron imza olmadan “İnternet Vergi İdarəsi”nə daxil olaraq elektron qeydiyyat sistemində FİN kodla indentifikasiyadan keçəcəklər. Qeydiyyat ərizəsinin məlumatları sistemə onlayn qaydada daxil ediləcək və bir prosedurla sənədlər təsdiqlənməklə VÖEN (Vergi Ödəyicisinin Eyniləşdimə Nömrəsi) verilmə prosesi yekunlaşacaqdır. Həmin prosedur çərçivəsində avtomatik olaraq əmək müqaviləsi bildirişləri məlumatlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə göndərilməsi, vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alınması, ona bankda hesab açmaq məqsədilə şəhadətnamə-dublikatın verilməsi təmin ediləcək.

Xüsusilə qeyd olunub ki, yeni qeydiyyat sisteminə əsasən qeydiyyat sənədləri yalnız vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndəriləcək və bu sənədlərin kağız daşıyıcılarda götürülməsinə zərurət olmayacaqdır. Elektron kabinetə göndərilmiş qeydiyyat sənədləri xüsusi barkodla şifrlənməklə onların rəsmi olaraq bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatlarda qəbul edilməsi üçün qanunvericilik bazası və inzibatçılıq da təkmilləşdirilib.

Bu xidmətdən istifadə edənlərə yardım məqsədilə “İnternet Vergi İdarəsi”ndə “Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı” (elektron imza olmadan) Təlimatı yerləşdirilib.

Həmçinin 60-a yaxın sahibkar və startapın sualları cavablandırılıb.

Qeyd edək ki, sahibkarlıq subyektləri üçün ilin sonuna qədər davamlı olaraq keçiriləcək təlim və görüşlərin nəticələri təhlil olunacaq. Bu sahədə məlumatların daha uyğun formada operativ çatdırılması və kommunikasiyanın daha da təkmilləşdirilməsi məqsədilə təkliflər Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinə təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR