Bu il Azərbaycanda sahibkarlara 130 mln. manat güzəştli kredit verilib

Bu il Azərbaycanda sahibkarlara 130 mln. manat güzəştli kredit verilib
# 21 oktyabr 2019 15:12 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 450 mln. manat olan 887 sahibkara geri qaytarılan vəsaitlər hesabına 130 mln. manat, o cümlədən 857 kiçik və orta həcmli layihəyə 24 mln. manat güzəştli kredit verilib.

"APA-Economics"in İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə əlaqədar olaraq İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclasında çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3 800-dək yeni iş yerinin açılmasına imkan yaradır.

“Güzəştli kreditlərin 74%-i aqrar sektorun, 26%-i sənaye istehsalı və digər sahələrin, 66%-i regionların, 34%-i isə Bakı qəsəbələrinin payına düşür. 2019-cu ilin 9 ayı ərzində Fondun güzəştli kreditlərindən istifadə etməklə yaradılan 19 müəssisə istifadəyə verilib”, - deyə nazir qeyd edib.

Ş. Mustafayevin sözlərinə görə, əlavə iqtisadi artım mənbələrinin yaradılmasında və ixracın genişləndirilməsində stimullaşdırıcı tədbirlərdən olan güzəştli kreditləşdirmə, logistik mərkəzlərin yaradılması işlərinin davamı olaraq, son illərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 400 hektardan çox ərazidə müasir istixana və 9,6 min hektar ərazidə intensiv bağçılıq təsərrüfatlarının yaradılmasına 313 mln. manat, ümumi tutumu 353 min ton olan logistik mərkəzlərin təşkilinə 180 mln. güzəştli kredit verilib. Bu isə, ixracda kənd təsərrüfatı məhsullarının ixrac həcminin artmasına müsbət təsir göstərir. Belə ki, 2018-ci ildə 177,4 mln. ABŞ dolları dəyərində 172 min ton pomidor, 325,6 mln. dollar dəyərində 319,2 min ton meyvə ixrac olunub. Bu da göstərilən sahəyə güzəştli kreditlərin verilməsinə başlanan illərlə müqayisədə pomidor ixracının 4,3 dəfə (dəyər ifadəsində 9,9 dəfə), meyvə ixracının 70% (dəyər ifadəsində 2,9 dəfə) artması deməkdir.

Bundan əlavə nazir qeyd edib ki, ixracın dəstəklənməsi məqsədilə 2019-cu ilin 9 ayında 8 beynəlxalq sərgidə sahibkarların vahid ölkə stendi ilə iştirakı təmin edilib, müxtəlif ölkələrə 7 ixrac missiyası təşkil olunub, 90 sahibkarlıq subyektinə 16 ölkəyə 120,4 mln. dollar dəyərində məhsul ixracına görə 7,2 mln. manat ixrac təşviqi ödənilib.

“Əlavə iqtisadi artım resurslarının cəlb olunması işlərinin tərkib hissəsi olaraq, ölkənin 33 rayonunda 262 min hektar ərazidə ümumi dəyəri 2,4 mlrd. manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılır. Ümumi dəyəri 764 mln. manat olan 27 aqropark və iri fermer təsərrüfatının yaradılmasına 192 mln. manat dövlətin güzəştli kredit vəsaitləri ayrılıb. Əlavə olaraq 23 aqropark və iri fermer təsərrüfatı üzrə ümumi dəyəri 759 mln. manat olan 45 layihəyə investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi sənədi hesabına qənaət olunmuş 25,2 mln. manat vəsait layihələrin icrasına yönəldilib”, - deyə nazir əlavə edib.

Aqroparklardan 28-i artıq istifadəyə verilib, ilin sonunadək daha 5-nin istifadəyə verilməsi gözlənilir. Ümumilikdə, bu aqroparklarda 5 500 daimi iş yerinin açılması nəzərdə tutulur, artıq istifadəyə verilmiş aqroparklarda 2 200 iş yeri açılıb. Aqroparklar və fermer təsərrüfatları tam istifadəyə verildikdən sonra 14 mindən çox iş yerinin yaradılması və ilkin hesablamalara görə, il ərzində 800 mln. manatdan artıq məhsul istehsalı və emalı, xidmətlərin göstərilməsi nəzərdə tutulur, Ş. Mustafayev deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR