"Fitch": Neft bazarı istehsal çatışmazlığı ilə üzləşə bilər

"Fitch": Neft bazarı istehsal çatışmazlığı ilə üzləşə bilər
# 09 iyun 2020 14:48 (UTC +04:00)

"Fitch" beynəlxalq reytinq agentliyi neft qiymətlərinin 30 ABŞ dollarından (bir barel üçün) əhəmiyyətli dərəcədə aşağı düşəcəyini ehtimal etmir.

Bu barədə "APA-Economics" agentliyə istinadən xəbər verir.

"Hesab edirik ki, hazırda qiymətlərin bir barel üçün 30 dollardan aşağı düşməsi ilə əlaqədar stressli bir ssenari mümkün deyil. Çox güman ki, tələbatın tədricən yaxşılaşması və tədarükün azalması səbəbindən bazar 2020-ci ilin ikinci yarısında istehsal çatışmazlığı ilə üzləşəcək", - məlumatda qeyd edilir.

"Fitch" agentliyi "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatında və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) razılaşması çərçivəsində neft hasilatının rekord dərəcədə azalmasının daha bir ay uzadılması bazarda tarazlığın bərpasını sürətləndirməli olduğunu qeyd edir.

Lakin bu gün neft qiymətlərində artımın davamlı olub-olmaması hələ məlum deyil. "OPEC+"a daxil olmayan ölkələrdə, xüsusilə də ABŞ-da xammal hasilatı tələb və təklif balansına əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Agentliyin proqnozuna görə, cari ilin birinci yarısında yığılan neft ehtiyatlarının səviyyəsinin balanslaşması bir neçə ay davam edəcək.

Qeyd edək ki, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

Xatırladaq ki, iclasda əldə edilən razılığa əsasən, Beləliklə iyulda gündəlik neft hasilatını OPEC ölkələri 6,084 mln. barel, qeyri-OPEC ölkələri isə 3,616 mln. barel azaldacaq. Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman isə gündəlik neft istehsalını iyun ayında əlavə olaraq, təxminən, 1,2 mln. barel həcmində ixtisar edəcəklər. Yeni "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq Azərbaycan may-iyun ayları üzrə 164 min barrel həcmindəki öhdəliyini bu müddət ərzində də yerinə yetirərək, gündəlik xam neft istehsalını 554 min barel səviyyəsində saxlamalıdır.

Qeyd edək ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR