IEA: "OPEC+" tərəfindən hasilatın artırılması neft ehtiyatlarının çoxalmasına səbəb olmayacaq

IEA: "OPEC+" tərəfindən hasilatın artırılması neft ehtiyatlarının çoxalmasına səbəb olmayacaq
# 12 noyabr 2020 14:19 (UTC +04:00)

"OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması çərçivəsində 2021-ci ilin yanvarın 1-dən etibarən planlı şəkildə gündəlik neft hasilatının 1,9 mln. barel bərpa edilməsi qlobal kommersiya neft ehtiyatlarının artmasına səbəb olmayacaq.

Bu barədə "APA-Economics" Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir.

"Yanvar ayından gündəlik istehsalın təqribən 2 mln. barel artımını nəzərə alan hesablamalarımız 2021-ci ilin I rübündə ehtiyat səviyyəsində, demək olar ki, sıfır artım göstərir", - agentliyin mütəxəssisləri qeyd edib.

Agentlik hesab edir ki, koronavirus peyvəndləri yaxın gələcəkdə qlobal neft bazarına kömək ola bilməyəcək: "Bu səbəbdən aşağı səviyyədə olan tələbat və artan neft təklifinin birləşməsi "OPEC+" nazirlərinin 1 dekabr tarixində keçiriləcək görüşündə danışıqlar üçün çox çətin bir fon yaradır".

Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR