OPEC ölkələri ötən ay "OPEC+" öhdəliklərini 108% yerinə yetirib

OPEC ölkələri ötən ay "OPEC+" öhdəliklərini 108% yerinə yetirib
# 11 fevral 2021 17:31 (UTC +04:00)

OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələri bu ilin yanvar ayında gündəlik neft istehsalını 181 min barel artıraraq 25 496 min barelə çatdırıb.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, artım əsasən Səudiyyə Ərəbistanı, Venesuela və İranın hesabına baş verib.

Hesabata görə, hasilatın artırılmasına baxmayaraq, OPEC ölkələri "OPEC+" razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində öhdəliklərini 108% yerinə yetirib.

Hesabata qeyd edilir ki, "OPEC+" razılaşmasında 13 OPEC ölkəsindən 10-u iştirak edir, İran, Liviya və Venesuela hasilatın azaldılmasından azad edilib. Beləliklə, yanvar ayında razılaşmada iştirak edən 10 ölkənin gündəlik neft hasilatı 21,76 mln. barel təşkil edib (plan göstərici isə 22,1 mln. barel təşkil edir). OPEC "onluğu" yanvarda bazardan gündəlik 4,56 mln. tonun əvəzinə 4,9 mln. barel artıq neft uzaqlaşdıra bilib.

Xatırladaq ki, 2020-ci il 12 aprel tarixli "OPEC+" razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 mln. barel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust – 31 dekabr tarixlərini əhatə edirdi. 2020-ci ilin 3 dekabr tarixində "OPEC+" nazirlərinin 12-ci iclasında qəbul edilmiş qərara əsasən, 2021-ci ilin yanvar ayı üçün gündəlik xam neft hasilatının "OPEC+" ölkələri tərəfindən 7,2 mln. barel, müvafiq olaraq Azərbaycan tərəfindən isə 123 min barel azaldılması nəzərdə tutulub. Bununla da, cari ilin yanvar ayında Azərbaycan üçün təklif olunan gündəlik neft hasilatı 595 min barel səviyyəsində müəyyən edilib. 2021-ci ilin 5 yanvar tarixində "OPEC+" ölkələri nazirlərinin 13-cü iclasında isə gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7,125 mln. barel, martda isə 7,05 mln. barel təşkil edəcək. Azərbaycanın isə bu ilin yanvar ayındakı 123 min barel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalacaq. Beləliklə, yanvar, fevral və mart aylarında Azərbaycan gündəlik xam neft hasilatını 2020-ci ilin dekabr ayına nisbətən 8 min barel artıraraq hasilatı 595 min barel səviyyəsində saxlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR