Avropa Parlamentində skandal: Rüşvətxorluq və korrupsiya Avropa institutlarında sistemli hal alıb - TƏHLİL

Avropa Parlamenti

© APA | Avropa Parlamenti

# 19 dekabr 2022 19:17 (UTC +04:00)

Dekabrın 9-da Avropa Parlamenti (AP) olduqca ağır bir korrupsiya qalmaqalı ilə çalxalandı. Dünyada beynəlxalq anti-korrupsiya gününün qeyd edildiyi bu tarixdə Belçika polisi AP-də fəaliyyət göstərən korrupsiya şəbəkəsini ifşa edərək onun bir neçə üzvünü həbs etdi.

Saxlanılanlar arasında AP-nin vitse-prezidenti, yunanıstanlı deputat Eva Kailinin olması isə sensasiya effekti yaratdı. Belçikanın federal müstəntiqləri Kaili də daxil olmaqla, saxlanılanları rüşvət qismində külli miqdarda pul və müxtəlif bahalı hədiyyələr almaqla körfəz ölkələrindən birinin (Qərb mediası daha sonra bu ölkənin Qətər olduğu açıqladı) xeyrinə qanunsuz lobbiçilik etməkdə, AP-də qəbul edilən qərarlara təsir etməyə çalışmaqda ittiham etdi. İşlə əlaqədar Brüsseldəki 16 müxtəlif nöqtədə həyata keçirilmiş axtarışlar nəticəsində 600 min avro nağd pul aşkarlandı. Son bir həftə ərzində aparılan axtarışlar zamanı isə çamadan və portfellərdə 1,5 milyon avrodan çox nağd pul tapıldı. Müstəntiqlər bildirdilər ki, sözügedən korrupsiya şəbəkəsi bir neçə aydır, həmin Körfəz ölkəsinin xeyrinə AP-nin müxtəlif iqtisadi və siyasi qərarlarına təsir etməyə çalışıb.

AP-dəki bu son qalmaqal rüşvətxorluq və korrupsiyanın Avropa institutlarında artıq sistemli xarakter aldığını göstərdi. Problemin miqyası avropalı siyasətçiləri də dəhşətə gətirir. Məsələyə münasibət bildirən Polşanın baş naziri Mateuş Moravetski AP-də korrupsiyanın miqyasından dəhşətə gəldiyini bildirib. O etiraf edib ki, işin detalları ilə tanış olanda şoka düşüb.

“Transparency İnternational”ın əməkdaşı Mişel van Hulten də AP-də korrupsiyanın miqyasının dəhşətli dərəcədə olduğunu bildirib: “Parlamentdə korrupsiyanın olması məni təəccübləndirmir, amma bunun miqyası məni şoka salır”.

Təbii ki, Eva Kaylinin həbsi ilə AP-dəki genişmiqyaslı və oturuşmuş korrupsiya problemi həll olunmayacaq. Çünki Kailinin vəzifəsi, sadəcə olaraq, rüşvəti almaq və paylamaq olub. Parlamentdəki korrupsiya şəbəkəsi isə daha genişdir. Burada pulunu verən tütəyi çaldığı üçün indi parlament ətrafında minlərlə lobbi təşkilatları və qrupları fırlanır.

Bu sonuncu işdə yalnız Qətərin adı hallansa da, digər ölkələr və qruplar da var. Məsələn, AP-də fəaliyyət göstərən anti-Azərbaycan qrupu da bu şəbəkənin içindədir. Onlar da Ermənistana dəstək əldə etmək istəyən, həmçinin qanunsuz biznes fəaliyyətini davam etdirmək niyyətində olan erməni oliqarxlardan, mafiya başçılarından külli miqdarda rüşvət qəbul edirlər. İşğal dövründə Qarabağda qanunsuz biznes fəaliyyətləri göstərmiş həmin oliqarxlar əldə etdikləri qanunsuz sərvətin bir hissəsini digər qurum və institutlarla yanaşı, AP nümayəndələrinə, Aİ məmurlarına yönəldiblər.

Belələrindən biri erməni mafiyasının Belçikadakı əsas siması Kaspar Karampetyandır. Eyni vaxtda Yunanıstan, Ermənistan və Luksemburq vətəndaşı olan Karampetyan “Ədalət və Demokratiya Naminə ümumAvropa Erməni Federasiyası” adlı təşkilatın prezidentidir. Bu şəxs öz biznesini qanunsuz almaz qaçaqçılığı da daxil olmaqla, müxtəlif qeyri-leqal biznes fəaliyyətləri hesab

ına qurub. Adı mafiya əməllərində də hallanan Karampetyan Ermənistanın və özünün biznes maraqlarının müdafiəsi üçün avropalı məmur və deputatlara bu vaxtacan milyonlarla vəsait paylayıb.

Avroparlamentarilərə külli miqdarlarda rüşvət verən daha bir erməni əsilli oliqarx isə Vartan Sirmakesdir. İsveçrə vətəndaşı olan Sirmakes işğal dövründə Qarabağda bank sektoru, kənd təsərrüfatı, mədən sənayesi kimi müxtəlif sahələrdə tamamilə qanunsuz biznes fəaliyyətləri göstərib və Azərbaycanın sərvətlərini talayaraq öz biznes imperiyasını genişləndirib. Serj Sarkisyanın Ermənistanın Marselə baş konsul təyin etdiyi Sirmakes əldə etdiyi vəsaitlərdən avroparlamentarilərə rüşvət və bahalı hədiyyələr şəklində paylayaraq həm Ermənistanın, həm də şəxsi maraqlarının müdafiəsində dəstək toplamağa çalışıb.

Sirmakes Azərbaycanın maddi sərvətlərinin talanması hesabına əldə etdiyi vəsaitləri erməni diaspor təşkilatlarının saxlanılmasına da yönəldib. Onun maliyyə yardımı göstərdiyi təşkilatlardan biri “Ermənistanın Avropa Dostları” (EuFoA) təşkilatıdır. Məqsədi Avropanın əsas iqtisadi-siyasi mərkəzləri, həmçinin vacib qərarlar qəbul etmək səlahiyyəti olan şəxsləri ilə Ermənistan və qondarma qurum “Artsax” arasında əlaqələr yaratmaq olan bu təşkilata Sirmakes maliyyə yardımı göstərib. AP-nin deputatları ilə “yaxın” münasibətlərə malik olduğu bilinən “Ermənistanın Avropa Dostları” Eva Kaili qalmaqalından sonra öz korrupsiya əlaqələrinin maksimum ört-basdır edilməsinə çalışır.

Bu və digər erməni oliqarxların, mafiya başçılarının verdiyi rüşvəti qəbul edən bəzi AP deputatları təbii olaraq Azərbaycan əleyhinə qərəzli fəaliyyətləri ilə seçilirlər və parlamentin korrupsiya şəbəkəsinin üzvləridirlər. AP-nin korrupsiya şəbəkəsində 33 nəfərlik “Ermənistanla dostluq qrupu”nun üzvlərinin də olduğu bildirilir. AP-də Azərbaycan və Türkiyəni hədəfləyən bəyanatlar AP adından elan edilsə də, onların əksəriyyəti məhz həmin “33 nəfərlik qrup” tərəfindən imzalanır. Bu deputatların bir qismi hətta Karampetyanın maliyyəsi ilə Ermənistana səfərlər də edib.

Ümumilikdə AP-dəki korrupsiya qalmaqalında 70-ə yaxın deputatın adı keçir. AP-də belə səviyyədə korrupsiya mexanizmi qurulubsa, milli parlamentlərdə də eyni halın olduğuna şübhə yoxdur. Təsadüfi deyil ki, anti-Azərbaycan fəaliyyətləri ilə seçilən AP deputatlarının əksəriyyəti də Fransadan olanlardır.

Belçika polisi Eva Kaili skandalından sonra korrupsiya şəbəkəsi ilə əlaqələri olan cinayətkar təşkilatlara qarşı, eləcə də çirkli pulların yuyulması ilə bağlı daha geniş təhqiqatların başladıldığını bəyan edib. Bundan sonra həmin şəbəkənin üzvləri olan “Erməni dostluq qrupu”nun üzvləri son dərəcə ehtiyatla davranmağa, korrupsiya üzərində qurulmuş əlaqələrinin və əməllərinin ifşa edilməməsinə çalışır. Kailinin həbsindən sonra AP-nin saytından bir sıra məlumatlar silinib. Silinən məlumatlar arasında “erməni diasporu” ilə əməkdaşlığı əks etdirənlər də var. Eyni zamanda AP üzvləri ilə “dostluq etmiş” “Ermənistanın Avropa Dostları”, “Ədalət və Demokratiya Naminə ümumAvropa Erməni Federasiyası”, “Erməni Ümumi Xeyriyyə İttifaqı” kimi erməni təşkilatları da öz hesablarından AP ilə əməkdaşlığı açıq şəkildə əks etdirən informasiyaların bir qismini siliblər.

Təəssüf ki, həm ABŞ-da, həm də Avropada ictimai-siyasi mühit istər erməni oliqarxları, istərsə də digər maraq qrupları üçün öz niyyətlərinə qanunsuz şəkildə çatmaq fürsətləri təqdim edir. Korrupsiya bu cür qanunsuz “nailiyyətlərin” başlıca səbəbidir. Bu isə ilk növbədə Aİ-nin özünə ziyan vurur. Statistikaya görə korrupsiya Avropa iqtisadiyyatına hər il təxminən 180 milyard avro ilə 990 milyard avro arasında zərər vurur. 2016-cı ildə elə AP tərəfindən dərc edilmiş sənəddə qeyd olunub ki, bu məbləğ göstərici Aİ-nin ümumdaxili məhsulunun (ÜDM) təxminən 6%-ni təşkil edir, vergi və gəlirlərin azalmasına səbəb olur.

Bütün bunlar Aİ-də, eləcə də AP-də korrupsiyanın necə dərin kök saldığını və genişləndiyini göstərir.

APA Analytics

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR