Azərbaycan səfirliyinə silahlı hücum: İran terror dövləti olduğunu bir daha təsdiqlədi - TƏHLİL

Azərbaycanın İrandakı səfirliyinin binası

© APA | Azərbaycanın İrandakı səfirliyinin binası

# 27 yanvar 2023 15:35 (UTC +04:00)

Dünya bu gün səhəri Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu ilə açdı. “Kalaşnikov” silahı ilə silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirdi, iki nəfəri yaraladı. Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirdi.

İran tərəfinin etdiyi isə o oldu ki, hücumdan sonra tələm-tələsik açıqlama verən Tehranın polis rəisi Hüseyn Rəhimi hadisənin motivini təhrif etməyə cəhd göstərib. Yalandan bildirib ki, guya hadisəni törədən şəxs səfirliyə iki uşağı ilə gəlib, hücum ailə-məişət zəminində baş verib.

Lakin kamera görüntüləri onun yalanını ifşa edib. Görüntülərdən aydın olur ki, həmin şəxs səfirliyin qarşısına tək gəlib, maşından düşüb, əlində silah səfirliyin binasına daxil olub, atəş açmağa başlayıb. Kamera görüntülərindən o da aydın olur ki, terrorçu binaya daxil olarkən xidmətdə olan İran polisinə əli ilə nəsə işarə edir, polis də heç bir reaksiya vermir, hətta terrorçu binaya daxil olandan sonra belə onun ardınca binaya daxil olub nəsə etmir. Görüntülərdə nə uşaq var, nə də başqası. Ən azı bu faktlar Tehranın polis rəisinin yalanlarını ifşa etmək üçün yetərlidir.

Hadisəni törədən şəxsin Yasin Hüseynzadə adlı İran vətəndaşı olduğu açıqlanıb. Onun İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH-la əlaqəli olduğuna dair şübhələr var.

Çox güman ki, Azərbaycan səfirliyinin əməkdaşı terrorçunu zərərsizləşdirib, tutmasaydı, faciənin miqyası daha böyük olacaq, bütün səfirlik əməkdaşları qətlə yetiriləcəkdi.

Terrorçu hadisəni törədəndən sonra isə əlini-qolunu sallayıb oradan gedəcək, İran dövləti də aşkarda guya onu axtarıldığı bildirib, gizlində isə tapşırığı uğurla yerinə yetirdiyinə görə qəhrəman elan edəcəkdi. Lakin məhz Azərbaycan səfirliyinin əməkdaşının fədakarlığı sayəsində planlaşdırılan qətliamın həyata keçməsi mümkün olmayıb.

İran tərəfinin ən müxtəlif səviyyələrdə verdiyi açıqlamalarda hadisəyə məişət donu geyindirməyə çalışması qeyd olunan arqumentləri daha da gücləndirir.

Tehran terrorun məsuliyyətini üzərindən atmaq üçün hadisə baş verən andan müxtəlif feyk xəbərlər və açıqlamalar yayaraq, hadisənin mahiyyətini təhrif etməyə çalışır. Lakin bütün bunlar yalandır, İran xüsusi xidmət orqanları ilə bağlılığı olan terrorçunu hədəfdən yayındırılması, yerli və beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırılması məqsədi güdür.

İranın hadisənin mahiyyətini təhrif etmək üçün yaydığı daha bir yalan isə guya hücumun erməni kimlikli şəxs tərəfindən edilməsi ilə bağlıdır. Yasin Hüseynzadə İran vətəndaşıdır. Ad və soyadı da erməni kökənli olmadığını göstərir.

İranın bütün cəhdlərinə baxmayaraq, bu xain hücumun məqsədinin Azərbaycan səfirliyinə və diplomatlarına qarşı yönəldilmiş terror aksiyası olduğu artıq bəllidir. Üstəlik, İran polisi terrorun baş verməsinin qarşısını almaq üçün heç bir addım atmayıb.

Bununla belə, rəsmi Tehran bir məsələni də unudur ki, motivindən asılı olmayaraq, səfirliyə hücuma görə məhz o məsuliyyət daşıyır. Çünki səfirliklərin mühafizəsi onların yerləşdiyi ölkələrin öhdəliyindədir, İran isə bu öhdəliyi nəinki yerinə yetirir, əskinə, diplomatik nümayəndəliklərə hücumlara özü şərait yaradır.

Azərbaycan Xarici İşlər Nazirliyi də hadisə barədə yaydığı bəyanatında bildirib ki, səfirliyin yerləşdiyi ölkə olaraq İran tərəfi Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq öhdəliyini yerinə yetirməli idi.

“İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub, bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında davamlı qaldırılıb. Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir.

Son zamanlar İranda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılmasının diplomatik missiyamıza qarşı bu kimi hücumlara rəvac verdiyi qənaətindəyik”, - deyə XİN-in bəyanatında vurğulanır.

İran hər zaman terrora dəstək verdiyi bütün dünyaya məlumdur. Tarixə nəzər yetirsək, indiyə qədər İranda səfirlik, konsulluq, beynəlxalq nümayəndəliklərə, xarici vətəndaşlarla hücumlarla bağlı xeyli fakt görə bilərik. İranın tarixi xarici diplomatlara və diplomatik nümayəndəliklərə terrorçu münasibəti ilə zəngindir. Uzaq 1829-cu il yanvarın 30-da tehranlılar Çar Rusiyasının İrandakı səfirliyinə hücum edib, səfir, tanınmış rus yazıçısı Aleksandr Qriboyedov və səfirliyin mühafizəsini təşkil edən 35 kazakı qətlə yetirmişdilər.

Qriboyedovun meyiti tanınmaz hala salınmışdı.

1979-cu ildə İranda özlərini "İmam Xomeyni yolçuları" adlandıran bir qrup tələbə ABŞ-ın Tehrandakı səfirliyinə hücum edərək 53 amerikalını girov götürüb, onları 444 gün girov saxlayıb.

2011-ci ildə yüzlərlə tələbə Böyük Britaniyanın İrandakı səfirliyinə hücum edib, səfirliyin binasının ələ keçirib, pəncərələri sındırıb, səfirliyi talan edib.

Növbəti oxşar hadisə isə 2016-cı ildə baş verib. İranda radikal kütlə tərəfindən Səudiyyə Ərəbistanın Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğunun binaları yandırılıb.

Bütün bunların ardınca, bu gün də Azərbaycan səfirliyinə silahlı hücum onu deməyə əsas verir ki, İranda heç bir səfirliyin, diplomatik nümayəndəliyin toxunulmazlığına zəmanət yoxdur.

Şübhə doğurmayan digər məsələ isə odur ki, İran baş vermiş terror aktı ilə bağlı araşdırmanı obyektiv aparmayacaq. Tehran polisinin rəisi, eləcə də İran Xarici İşlər Nazirliyinin açıqlamalarının bunun məhz belə olacağının anonsu hesab etmək olar.

Hadisənin baş verdiyi andan terrorun ört-basdır edilməsi, terrorçunun qorunması, terrorun mahiyyətinin təhrif edilməsi üçün bir-birinin ardınca yalan məlumatlar və açıqlamalar yayan İranın bu xain hücumu obyektiv araşdırmayacağını bəri başdan əminliklə söyləmək olar.

APA Analytics

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR