Bank Of Baku

ABŞ-da Konqresə seçkilər siyasi balansı dəyişdi: Nəticələr Azərbaycanla münasibətlərə necə təsir göstərə bilər? - ŞƏRH

ABŞ-da Konqresə seçkilər siyasi balansı dəyişdi: Nəticələr Azərbaycanla münasibətlərə necə təsir göstərə bilər?  - ŞƏRH
# 05 noyabr 2026 10:50 (UTC +04:00)

ABŞ-da 4 noyabrda Konqresə keçirilən seçkilərdə amerikalı seçiçilər siyasi tarazlığı dəyişdilər. Seçkilərin ilkin nəticələrinə görə Konqresin hər iki palatasında demokratlar çoxluq əldə etdilər. İcra hakimiyyəti respublikaçıların, qanunvercilik isə demokratların əlində cəmləşdi. ABŞ tarixində belə vəziyyət çox tez-tez baş verir.

Bu seçkinin nəticələrinin əsas izahı seçicilərin iqtisadi vəziyyətdən narazı qalmasıdır. Sorğular göstərir ki, təxminən hər 10 seçicidən 9-u yaşayış xərclərini səsvermə qərarında mühüm amil kimi göstərib. İranla müharibə və yüksək yanacaq qiymətləri də seçki nəticələrinə mühüm təsir göstərib. Təkcə sentyabr ayında ABŞ-da benzinin qiyməti 9.1% artıb. ABŞ-da son 2 ildə ÜDM artsa da, inflyasiyanı yavaşlatmaq mümkün olmayıb. Bu da seçicilərin bu iqtisadi artımı öz gündəlik həyatlarında tam hiss etməmələrinə səbəb olub.

Demokratların qələbəsini seçicilərin onların bütün proqramına verdikləri dəstək kimi qəbul etmək doğru olmaz. Bu nəticə, eyni zamanda mövcud idarəetmənin daha da yaxşılaşdırılması və daha güclü nəzarətin yaradılması tələbinin ifadəsidir.

Maraqlıdır ki, 1938-2022-ci illər ərzində ABŞ-da keçirilən 22 ara seçkilərinin 20-də prezidentin partiyası Konqresdə (Nümayəndələr Palatasında) mandat itirib. Bu meyl həm demokrat, həm də respublikaçı prezidentlərə xasdır. Ümumiyyətlə, Konqresə seçkilər prezident seçkilərindən 2 il sonra olduğu üçün, bu seçki prezident partiyası üçün hər zaman ən çətin sınaq sayılır.

Bu dəfəki ABŞ seçkilərinin əsas mesajı odur ki, insanların gündəlik rifahı siyasi nəticəni müəyyən edən başlıca amillərdən biridir. Seçici qiymətlərin, münaqişələrin və qeyri-müəyyənliyin öz həyatına təsirinə qiymət verdi.

ABŞ-ın daxili və xarici siyasətində gözlənilən dəyişikliklər

Yeni Konqres 3 yanvar 2027-ci ildə fəaliyyətə başlayacaq. Bəs ABŞ-ın daxili və xarici siyasətində bu seçkilərdən sonra nələr dəyişə bilər?

Daxili siyasətdə:

- Qanunvericilik, xüsusilə də büdcə, vergi sahəsində qərarların qəbul edilməsi çətinləşə, uzana bilər;

- Konqresin administrasiya üzərində nəzarəti güclənəcək, beləliklə də onun fəaliyyəti daha böyük siyasi rol oynaya bilər;

- Prezidentin təyinatları daha çox müzakirə predmeti ola bilər.

Bütün bunların isə 2 mümkün iqtisadi nəticəsi ola bilər. Kompromis yaranarsa siyasət daha proqnozlaşdırılan olacaq, qarşıdurma üstün gələrsə isə iqtisadiyyatda qeyri-müəyyənlik arta və iqtisadi artım zəifləyə bilər.

Eyni zamanda, nəzərə almaq lazım ki, ABŞ prezidentinin icra hakimiyyəti və xarici siyasətdə mühüm imkanları qalacaq. Lakin, qanunvercilik və maliyyələşmə tələb edən təşəbbüslərin həyata keçirilməsində çətinliklər ola bilər.

Xarici siyasətdə:

Burda nəticəni avtomatik “daha çox sülh” və ya “daha çox qarşıdurma” kimi qiymətləndirmək doğru olmaz. 2 ssenari mümkündür:

- Administrasiya seçicilərin narazılığını nəzərə alaraq xarici münaqişələrin və iqtisadi xərclərin azaldılmasına çalışır

- Daxili siyasətdə məhdudlaşan administrasiya diqqətini xarici siyasətə yönəldərək orda daha çox uğur əldə etməyə çalışır.

Hansı ssenarinin işı düşəcəyi isə yaxın gələcəkdə aydın seziləcək. ABŞ-da indi prezidentlə Konqress arasında yeni siyasi tarazlıq yaranır. Bu, bəzi qərarlarda kompromisi, bəzilərində isə qarşıdurmanı gücləndirə bilər. Ona görə, xarici siyasətdə dərhal köklü dəyişiklikləri gözləmək çox tezdir.

Azərbaycan ABŞ-la münasibətləri uzunmüddətli dövlət maraqları əsasında qurur

Burda mühüm fakt odur ki, 10 fevral 2026-cı ildə Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Sənəddə enerji, Orta Dəhliz, TRİPP, investisiya, süni intellekt və rəqəmsal infrastruktur kimi istiqamətlər yer allb. Bu sənəd münasibətlərin inkişafı üçün ciddi əsas yaradır.

Sənəddəki istiqamətlər seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq hər iki dövlətin milli maraqlarına xidmət edir. İndi əsas vəzifə bu imkanları konkret layihələrə çevirmək, həm administrasiya, həm də Konqres ilə dövlət maraqlarımıza söykənən dialoqu gücləndirməkdir.

Azərbaycan ABŞ-la münasibətləri uzunmüddətli dövlət maraqları əsasında qurur. Vaşinqtonda siyasi balans dəyişə bilər, amma Azərbaycanın enerji, nəqliyyat və regional təhlükəsizlik baxımından əhəmiyyəti qalır və bu daha da güclənəcək.

Tahir Mirkişili

Milli Məclisin deputatı

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR