Brüssel görüşündən nə gözlənilir? - TƏHLİL

Brüssel görüşündən nə gözlənilir? - TƏHLİL
# 21 may 2022 14:52 (UTC +04:00)

2022-ci il mayın 22-də Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş keçiriləcək.

APA xəbər verir ki, bu, Aİ, Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə baş tutacaq sayca üçüncü görüşü olacaq.

Xatırladaq ki, Brüsseldə Aİ, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü 2021-ci il dekabrın 14-də başlayıb və 2022-ci il aprelin 6-da isə davam edib.

Məlumat üçün bildirək ki, əvvəlki görüşlərdə bir sıra əhəmiyyətli məsələlərlə bağlı razılıq əldə olunub. Belə ki, dekabrın 14-də baş tutan görüş zamanı Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi həmin vaxt geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib və bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.

İkinci görüş zamanı isə tərəflər aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsi məsələsini razılaşdırıblar. Birgə Sərhəd Komissiyasının mandatına Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsi daxil idi.

Azərbaycan yuxarıda razılığa gəlinən məsələlərlə bağlı öhdəliklərini yerinə yetirsə də, Ermənistan tərəfi buna adekvat hərəkət etməyib. Ermənistan sərhədlə bağlı ilk görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edib, Azərbaycan isə həmin təşəbbüsə müsbət yanaşıb.

Lakin, sonuncu gün, yəni aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv edib. Ermənistanın növbəti dəfə qeyri-konstruktivlik nümayiş etdirməsi səbəbindən bu görüş mayın 7-11 may tarixlərinə keçirilib. Və yenə də 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifindən Ermənistan imtina edib.

Sonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın TASS agentliyinə açıqlamasında bildirib ki, Ermənistan komissiyaların görüşünün Moskvada keçirilməsinə hazırdır. Bu, bir daha Ermənistanın müstəqil siyasətinin olmamasının, təzyiqlər qarşısında istənilən razılaşmadan imtina etməsinin, Rusiyanın maraqlarını Avropa İttifaqına, Avropa İttifaqının maraqlarını isə Rusiyaya asan şəkildə və xəyanətkarcasına satmasının bariz nümunəsidir.

Bundan başqa, Azərbaycan tərəfi hələ fevral ayında Ermənistana sülh müqaviləsinin təməl prinsipləri üzrə 5 baza prinsipini təqdim etmişdi. Daha sonra Ermənistan Azərbaycanın 5 baza prinsipinə qarşı 6 bəndlik təklifləə çıxış etdiyini bəyan etdi. Əslində isə Ermənistan tərəfinin 6 bəndlik təklifini yalnız Azərbaycanın təkliflərinə reaksiya adlandırmaq olar. Çünki həmin təkliflər bir növ Azərbaycanın təqdim etdiyi baza prinsiplərini təkrarlayır. Azərbaycan münasibətlərin normallaşdırılmasının təməlini təşkil edən prinsipləri bəyan edib. Azərbaycan həmin təməl prinsiplər üzərindən danışıqları davam etdirmək və sülh müqaviləsi üzərində işləməyə hazır olduğunu bildirib.

Bəs sabah keçiriləcək görüşdən gözləntilər nədir? Əvvəlki müzakirələr və razılaşmalara uğun olaraq, gündəlikdə duran əsas məsələlər – sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması ilə bağlı müvafiq komissiyalar çərçivəsində müzakirələrə başlamaq olacaq.

Eyni zamanda, humanitar məsələlər, o cümlədən mina problemi, Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılar, kütləvi məzarlıqlar barədə məlumat verilməsi, Ermənistanda Azərbaycan xalqına məxsus tarixi-mədəni abidələrlə bağlı mövcud vəziyyət və s. görüşdə müzakirə ediləcək əsas məqamlardır.

Unutmaq olmaz ki, bundan əvvəlki Brüssel görüşləri çox vacib nəticələrlə yekunlaşdı. Azərbaycan Brüssel görüşlərində bu uğurları Prezident İlham Əliyevin qətiyyəti və prinsipial mövqeyi nəticəsində əldə etdi. Sözsüz ki, Azərbaycan liderinin düşünülmüş siyasəti nəticəsində növbəti Brüssel qələbəsi qaçılmazdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR