Adil Qəribov: “Hələlik dövlət Azərbaycanda nüvə tədqiqat reaktorunun tikintisi ilə bağlı qərar verməyib”

Adil Qəribov: “Hələlik dövlət Azərbaycanda nüvə tədqiqat reaktorunun tikintisi ilə bağlı qərar verməyib”
# 17 aprel 2009 15:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Beynəlxalq Atom Enerjisi Agentliyinin Azərbaycan üzrə əlaqələndiricisi Andrey Çupovun başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri zamanı Azərbaycanda tikiləcək nüvə tədqiqat reaktorunun iqtisadi əsaslandırılması və sterilizasiya qurğusunun inşası üzrə layihələr müzakirə edilib. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məlumat verib. O bildirib ki, müzakirələr zamanı bu layihələrin icrası üçün heç bir maneənin olmadığı qeyd edilib: “Birinci layihə üzrə hələlik dövlətin qərarı olmadığından və bu sahəyə vəsait ayrılmadığından biz yalnız layihənin əsaslandırılması işini və kadr hazırlığını aparacağıq. Bu layihənin əsaslandırılması üçün 270 min dollar ayrılıb. Bununla bağlı artıq iki nəfər xaricdə oxuyur. Qalan kadrlar isə mayın 5-də Avropanın müxtəlif şəhərlərinə göndəriləcək. Layihənin digər mərhələləri hökumətin müvafiq qərarlarından sonra həyata keçiriləcək”.

A. Qəribov sterilizasiya qurğusunun tikintisi üçün 1 milyon 200 min dollar ayrıldığını açıqlayıb: “Azərbaycan sterilizasiya qurğusu üçün bina tikməlidir. Yəqin bu məsələ də yaxın vaxtlarda həll olunacaq. Həmin qurğuda işləyəcək kadrların hazırlığı da aparılır. Bununla bağlı artıq üç nəfər xaricə oxumağa göndərilib, yenə də göndərilənlər olacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR