“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması xidmətlərinin hüquqi və tənzimləyici bazasının yaradılması” mövzusunda dəyirmi masa keçirilib

“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması xidmətlərinin hüquqi və tənzimləyici bazasının yaradılması” mövzusunda dəyirmi masa keçirilib
# 21 aprel 2009 15:01 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün Bakıda “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması xidmətlərinin hüquqi və tənzimləyici bazasının yaradılması” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, Milli Məclisin (MM) üzvü Məlahət Həsənova “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsinin beş il ərzində hazırlandığını deyib. Bu layihənin MM tarixində ciddi müzakirə olunan sənədlərdən biri olduğunu deyən milli vəkili bunu Azərbaycan ictimaiyyətinin və siyasətçilərinin layihəyə verdiyi əhəmiyyətlə izah edib. M. Həsənova bildirib ki, müzakirələrin nəticələri parlamentin yaz sessiyasında ilk rəy üçün təqdim olunacaq və layihədə öz əksini tapacaq.
EngenderHealth Təşkilatının prezidenti Ana Langer bildirib ki, 1994-cü ildə Qahirədə keçirilmiş Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransda tərtib olunmuş Fəaliyyət Planında 2015-ci ilə qədər ailə planlaşdırılmasının hamı üçün əlçatanlığının təmin edilməsi əsas məsələ kimi qoyulur. Onun sözlərinə görə, ailə planlaşdırılmasının ana ölümü hallarının azaldılmasındakı rolu dünyada qəbul olunub. A.Langer deyib ki, ana ölümü hallarının azaldılmasında təhlükəli abortların da rolu var. EngenderHealth Təşkilatının prezidenti ana ölümünün 22 faizinin abortların nəticələri ilə bağlı olduğunu söyləyib.
Reproduktiv Sağlamlıq üzrə Milli Koordinator Faizə Əliyeva isə deyib ki, reproduktiv sağlamlıq təkcə tibbi deyil, həm də psixoloji məsələdir. Onun sözlərinə görə, “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsinin qəbulu tibb işçiləri və əhali üçün olduqca vacibdir. Milli koordinator hesab edir ki, layihədə bəzi fikirlərə düzəlişlər etmək lazımdır: “Süni mayalanma cəmiyyət tərəfindən bəzi hallarda düzgün qəbul edilmədiyi üçün bu fikri ekstrakorporal mayalanma, surroqat ananı hamiləliyin daşıyıcısı sözləri ilə əvəz etmək olar”.
Millət vəkili Musa Quliyev isə bildirib ki, ekstrakorporal sözü də cəmiyyətdə çox başa düşülmür. Ona görə də süni mayalanmanın bu sözlə əvəzlənməsi mahiyyəti o qədər də təsir etmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR