Azərbaycanda orta aylıq əmək haqqı yanvar-iyul aylarında 18% artıb

Azərbaycanda orta aylıq əmək haqqı yanvar-iyul aylarında 18% artıb
# 19 avqust 2009 10:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycan iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 298 manat təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,8% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, daha yüksək orta aylıq əmək haqqı mədənçıxarma sənayesində, maliyyə fəaliyyətində, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində və tikintidə müşahidə olunub.

Cari ilin yanvar-iyun aylarında müəssisə və təşkilatlarda işçilərə əmək haqqı fonduna daxil edilməyən 6,6 mln. manatlıq sosial xüsusiyyətli ödəmələr verilib ki, bunların da əsas hissəsini mədənçıxarma sənayesi, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi sahələrində, nəqliyyat, anbar təsərrüfatı və rabitə, habelə emal sənayesində çalışan işçilər alıb.

Qeyd edək ki, müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 163,3 manat, mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı isə 267 manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR