Ağdamın Əhmədağalı və Orta Qərvənd kəndlərində təhlükəsiz uşaq meydançaları tikilib

Ağdamın Əhmədağalı və Orta Qərvənd kəndlərində təhlükəsiz uşaq meydançaları tikilib
# 18 oktyabr 2007 12:05 (UTC +04:00)
Ağdamın işğal olunmamış iki yaşayış məntəqəsində Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən təhlükəsiz uşaq meydançaları inşa edilib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, meydançalar Əhmədağalı və Orta Qərvənd kəndlərinin balaca sakinlərinin istifadəsinə verilib. Ərazidə analoji meydançalar olmadığından, bəzən azyaşlılar oynamaq üçün kəndlərin ətrafındakı təhlükəli sahələrə çıxmağa məcbur olublar. Təkcə atəşkəs dövründə rayonun cəbhəyanı kəndlərindən 10 nəfərdən çox uşaq mina və ya partlamamış hərbi sursatlara toxunmaqla ölüb və yaxud ağır xəsarət alıb.
Orta Qərvənd kəndi qoşunların təmas xəttinin bir neçə yüz metrliyində yerləşdiyindən, burada vəziyyət daha acınacaqlı olub. Ermənilər kəndi üç tərəfdən intensiv atəşə tutduğundan, balaca sakinlər çox vaxt həyət-bacaya çıxa bilmir. Bu vəziyyət BQXK tərəfindən araşdırılıb. Nəticədə kəndin mərkəzində uşaqlar üçün təhlükəsiz oyun meydançası inşa edilib. Komitənin Bərdə ofisinin rəhbəri Xuan Karlosun sözlərinə görə, layihə əsasən cəbhə kəndlərində yerləşən icma və kəndlərdə həyata keçirilir. Əsas məqsəd müharibədən qalan partlayıcı maddələrin və minaların törədə biləcəyi fəsadlardan uşaqları qorumaqdır. Burada düşmən gülləsindən qorunmaq üçün yer nəzərdə tutulmayıb. Hər an pozulan atəşkəs nəticəsində isə meydançada oynayan uşaqların taleyi sual altında qalır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR