Azərbaycanda ev alqı-satqısına nəzarət artırılır

Azərbaycanda ev alqı-satqısına nəzarət artırılır
  • Clock-gray 12:58
  • calendar-gray 17 İyul 2019

Azərbaycanda ev alqı-satqısına nəzarət artırılır.

APA-nın məlumatına görə, bu, Ədliyyə Nazirliyi Kollegiyasının “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nda etdiyi dəyişikliklərdə əksini tapıb.

İndiyə qədər notariat ofislərində yoxlama zamanı birgə və paylı mülkiyyətdə olan əmlakın özgəninkiləşdirilməsi zamanı üstünlük hüququna riayət edilməsi, azyaşlıların mülkiyyət hüquqlarının qorunması və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar araşdırılıb. Bundan sonra Ədliyyə Nazirliyinin notariat fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumu tərəfindən notariat ofislərində yoxlama ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlaka sərəncam verilməsinin Mülki Məcəlləyə uyğun olaraq (bütün mülkiyyətçilərin razılığı ilə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılmasından sonra hər bir mülkiyyətçi tərəfindən) həyata keçirilməsi də araşdırılacaq.

Əmlakla əlaqədar əqdlər üzrə digər tələblər də müəyyənləşdirilib. Notariat ofisləri yoxlanarkən araşdırılacaq həmin tələblər aşağıdakılardır:

- Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilmiş müqavilə bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığının alınması;

- “Notariat haqqında” qanuna əsasən notariusların notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsi üçün elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcısına keçirilərək təsdiq edilməsi;

-  Kağız daşıyıcıda təqdim olunan ərizələr və ya digər sənədlərin başqasına verilməsi, habelə kağız və ya elektron daşıyıcıda olan ərizə və ya digər sənədlərin hazırlanmış elektron və kağız nüsxələri ilə eyniləşdirilməsi;

- Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarə Edilməsi Sistemi və Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi arasında real vaxt rejimində qarşılıqlı şəkildə hüquqların dövlət qeydiyyatına dair çıxarışın, habelə daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışların əldə edilməsi, notariat qaydasında təsdiq olunması və notariuslar tərəfindən təsdiq edilən müqavilələrin, eləcə də digər məlumatların ötürülməsi qaydalarına riayət olunması vəziyyəti;

- Daşınmaz əmlakın özgəninkiləşdirilməsi üzrə müqavilələrin təsdiq edilməsi zamanı yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən fiziki, hüquqi, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən ödəmə mənbəyindən sadələşdirilmiş verginin tutulması və tətbiq olunan azadolmalara dair sənədlər;

- Notarius tərəfindən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilənin təsdiqi zamanı Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sadələşdirilmiş verginin hesablanaraq dövlət büdcəsinə ödənilməsi və Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə bəyannamənin vergi orqanına göndərilməsi;

- Əqdlərin “Elektron notariat” informasiya sistemi vasitəsi ilə hazırlanması, üzərində mühafizə elementləri olan barkod (01.06.2015-ci il tarixdən başlayaraq aparılan notariat hərəkətləri üzrə) və QR-kodların əks etdirilməsi (01.08.2018-ci il tarixdən başlayaraq aparılan notariat hərəkətləri üzrə);

Əqdlərin təsdiq edilməsindən əvvəl “Elektron notariat” informasiya sistemi vasitəsilə aşağıdakı məlumatların yoxlanılması işi də araşdırılacaq:

- digər notariat ofislərində eyni tərəflər arasında eyni predmet üzrə əqdlərin layihələrinin hazırlanıb-hazırlanmaması;

- rəsmiləşdirilməsi tələb olunan əmlaka dair digər notariat ofislərində əqdlərin təsdiqi və ya ləğv edilməsi;

- müqavilələrin bağlanılmasına əvvəlcədən verilmiş (ər-arvadın və ya yaşayış yeri üzrə qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin) razılığın təsdiqi və ya razılıqdan imtina edilib-edilməməsi;

- vərəsəlik işinin açılıb-açılmaması;

- mülkiyyət və vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilib-verilməməsi.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date