Bolqarıstandan quşçuluq məhsullarının idxalı məhdudlaşdırılıb

Bolqarıstandan quşçuluq məhsullarının idxalı məhdudlaşdırılıb
# 26 aprel 2022 15:59 (UTC +04:00)

Bolqarıstandan quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib.

Bu barədə APA-ya Qida Təhlükəsizliyi Agentliyindən xəbər verilib.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Bolqarıstan Respublikasının Burqas vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Bolqarıstanın Burqas vilayətindən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkənin həmin inzibati ərazi vahidindən diri quşların Azərbaycan Respublikasının ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Bolqarıstandan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR