Deputatlar taksi fəaliyyəti sahəsində problemlərə münasibət bildirib, ictimai nəqliyyatın inkişafını vacib sayıblar - YENİLƏNİB

Deputatlar taksi fəaliyyəti sahəsində problemlərə münasibət bildirib, ictimai nəqliyyatın inkişafını vacib sayıblar - YENİLƏNİB
# 16 iyun 2023 12:59 (UTC +04:00)

Deputatlara Qərb ölkələrində təxminən 100 min nəfərə neçə avtobus, metrostansiya düşdüyü barədə məlumat verilmədi.

APA-nın xəbərinə görə, bunu bu gün Mili Məclisdə “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib.

Deputat deyib ki, bu gün taksilərin sayının artmasına və qiymətlərin aşağı düşməsinə sevinməliyik: "Çünki bu sahədə rəqabət mühiti var və qiymətlər düşür. Məsələn, bu “Bakubus” niyə yaranıb? Bunu özəl sektora vermək lazım idi. Avtobusların sayı artsa, problemlər də aradan qalxacaq. Bu qanunda müsbət məqamlar da var. Məsələn, bu, taxoqraf kartı ilə bağlıdır. Taksilərə tələblər irəli sürülməlidir, standartlar yüksək səviyyəyə qaldırılmalıdır. Bunları etsək, onda taksi fəaliyyəti daha da yaxşılaşacaq. Bu qanunun neqativ hallara yol açmaması üçün metrostansiyalar tikilməlidir, avtobusların sayı artırılmalıdır. Xarici ölkələrdə avtobuslar karvan kimi hərəkət edir. Bizdə isə yolda tək-tük avtobus görə bilirik. Aidiyyəti qurumlar ciddi şəkildə ictimai nəqliyyatın keyfiyyətini artırmağı düşünməlidir. Sadə adamlar elə düşünür ki, məmurlar özləri tıxaca düşməmək üçün taksi sayını azaltmaq istəyirlər”.

Deputat Rüfət Quliyev isə dəniz nəqliyyatını inkişaf etdirmək imkanımızın olub-olmaması ilə maraqlanıb: “Belə nəqliyyat 10-15 il əvvəl var idi, yenə də buna qayıdaq. Bu təklifimi imkan olsa, nəzərə alsınlar. Komitə iclasında nazirin bir fikrini eşitdim. Nazir dedi ki, bu qanunu xaosun qabağını almaq üçün qəbul edəcəklər. Büdcədə olan vəsait hara yatırılacaq? Alternativ formada nəqliyyatda inkişaf olmalıdır”.

Deputat Müşfiq Cəfərli isə Azərbaycanda taksi sürücülərinin mobil tətbiqlərlə yanaşı taksometrlərdən də istifadə etməsini təklif edib: "Burda bir inteqrasiya olmalıdır. Belə olmasa, şirkət elektron xidmət göstərə bilər, amma taksi sürücüsü yolüstü sərnişin götürə bilməz. Taksometri olmadığına görə yolüstü xidmət göstərə bilməyəcək. Odur ki, mobil tətbiqlə birlikdə taksometr də olmalı və bunların arasında inteqrasiya yaradılmalıdır ki, taksi sürücüsü paralel hər iki xidməti göstərə bilsin. Digər tərəfdən, operatorun nəqliyyat şəbəkə xidmətinə keçirilməsi də vacibdir. Bununla da operatorlar nəqliyyat şəbəkə xidməti çərçivəsində sürücünün və sərnişinin hüquqlarının qorunmasına, təhlükəsizliyinə cavabdeh olacaq. Yəni hansısa xoşagəlməz hadisə baş verəndə də artıq tələb birbaşa şirkətə yönələcək. Ona görə də operatorun nəqliyyat şəbəkə xidmətinə keçirilməsi də çox önəmlidir. Dünyanın inkişaf etmiş ölkələrinin də təcrübəsi bunu göstərir.".

Deputat Aqil Abbas isə qanun layihəsinin əleyhinə səs verəcəyini söyləyib: “Nazir açıqlama verəndə diqqətli olmalıdır. Necə yəni taksi əlçatan olmamaldır? Bəs nə əlçatan olmalıdır? Təyyarə, vertolyot? Onlar da bahadır. Bir məsələyə də toxunmaq istəyirəm. İstəmirəm ki, Azərbaycandakı taksi şirkətləri xaricdən maliyyələşsin. Özümüzwn iş adamları qırılıb ki, biz pulu xarici şirkətlərə ödəməliyik. Yaxşı olar ki, öz iş adamlarımız şirkətlərə yiyələnsinlər”.

***

saat 12.29

Mən ən azı gün ərzində 4-5 dəfə taksidən istifadə edirəm və onların dərdlərini, şikayətlərini yaxşı bilirəm.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Elşən Musayev deyib.

Deputat bildirib ki, indiyə qədər operatorlar sadəcə, vasitəçilik fəaliyyətini həyata keçrirlər: “İkincisi məsələ operatorlar tərəfindən sürücülərin qeydiyyatının onlayn qaydada aparılması ilə bağlıdır. Operatorlar bu gün sürücüləri yükləyir. Məsələn, bir operator sürücülərə gündəlik 24 gediş sayı qoyub. Bu tələbi yerinə yetirmək üçün sürücü təbii ki, qəza da törədəcək, pozuntuya da yol verəcək. Bu dəyişiklikləri taksi sürücüləri böyük maraqla gözləyirlər. Tək taksi sürücülərinin yox, sərnişinlərin üzərinə də məsuliyyət qoymaq lazımdır. Çünki bəzən sərnişin sifariş verir, hərdəmxəyalın biri olur və telefonu açmır. Sürücü o yolu gəlir, amma gediş edə bilmir. Biz sürücüləri qorumalıyıq”.

Deputat Fazil Mustafa isə taksi sürücülərinin kimliklərinə baxmağı zəruri sayıb: “Taksi sürücüsü işsiz qalmış həkimdir, müəllimdir, müflis olmuş sahibkardır. Çox az məbləğ ödəməklə, avtomobil üzərinə fərqlənmə nişanı qoyursan və çörəkpulu qazanırsan. Biz ilk növbədə digər sahələrdəki problemləri həll etməliyik ki, taksi məsələsinə peşəkarlar gələ bilsin. Necə ki, xaricdə bu işə peşəkar taksi sürücüləri gəlir. Vaxtilə Bakıya London taksiləri gətiriləcəkdi... Ümumiyyətlə nəqliyyatın idarə olunmasının problemini Azərbaycan vətəndaşı çəkir. Tıxaclarla bağlı məsələdə taksini bəhanə etmək düzgün deyil. Metrolarda xidmət yüksək qurulubmu ki, insanlar kefindən taksidən istifadə edir? İnsanların yaşayış səviyyəsi aşağı düşdüyünə görə, bəzən 3-4 nəfər toplaşaraq 1 manat verib taksi sifariş edirlər. Buna sosial problem kimi baxmaq lazımdır. Buna nəqliyyat problemi kimi baxılsa, məncə, doğru nəticə əldə edə bilmərik”.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib ki, Azərbaycan o qədər sürətli inkişaf edir ki, turistlər bura gəlmək üçün növbəyə durub: “İctimai nəqliyyatda sərnişin sayının kəskin azalmasının günahını taksinin üzərinə ata bilmərik. Toplu daşımada ciddi problemlər var. Ümid edirəm ki, bu dəyişikliklər bu problemlərin aradan qaldırılmasına səbəb olacaq. Hava limanlarında “xalturşik”lər adamın üzərinə arı kimi hücum edirlər. Adam azərbaycanlı olaraq düşünür ki, xaricilər xalqımız barədə nə düşünər. Qardaş Türkiyədə belə bu məsələlər tənzimlənir. Ümid edirəm ki, bu məsələlərə də diqqət artacaq”.

Deputat Bəhruz Məhərrəmov hesab edir ki, bu, çox sadə, eyni zamanda mütərəqqi bir layihədir, beynəlxalq təcrübədə qəbul olunan konsepsiyadır: İndi bu məsələni məqsədli şəkildə sosial gərginlik müstəvisinə endirmək nəyə lazımdır? Bu layihə sahibkarı da qoruyur, sürücünü də qoruyur, sərnişinin də mənafelərini müdafiə edir. İndi qaydalar qoyulması, intizam yaranması, təhlükəsizliyin təmin edilməsi, taksi fəaliyyətində anarxiyaya, özbaşınalığa son qoyulması niyə etiraz doğursun ki? Cəmiyyətdə fərqli fikirlərin olması normaldır, amma məqsədli şəkildə süni gərginlik mühiti heç kimə fayda verməyəcək. Antimilli dairələr elə fon yaradırlar ki, sanki, hökumət hansısa mürtəce layihə təqdim edib və xalqı müdafiə etmək lazımdır! Bu dövlət elə xalqındır, Siz kimi kimdən müdafiə edirsiniz? Ona görə də manipulyasiyalara imkan verilməməlidir, saxta tezisləri gücləndirmək olmaz. Nə edilirsə, xalqın mənafeləri naminə edilir”.

Vüsal Nəbiyev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR