DİM: İmtahan qiymətlərinin artımı az sayda məzuna təsir edəcək

DİM: İmtahan qiymətlərinin artımı az sayda məzuna təsir edəcək
# 26 iyul 2022 22:12 (UTC +04:00)

İmtahanlardakı qiymət artımı əvvəlki illərdə iştirak etmiş və bu il yenidən müraciət edən az sayda məzunlara təsir edəcək.

Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilib ki, bundan əlavə, “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamına 2021-ci il 7 may tarixində edilmiş dəyişikliyə əsasən əvvəlki və cari ilin məzunu olmasından və imtahanlarda (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və orta ixtisas təhsili müəssisələrinə qəbul) neçənci dəfə iştirak etməsindən asılı olmayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların qeyd olunan imtahanlarda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

"Əlavə olaraq qeyd edək ki, həm ümumi, həm də tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları (ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsi) 2 il qüvvədə olur. Buraxılış imtahanlarının nəticələri ilə abituriyentlər 2 il ərzində orta ixtisas təhsili müəssisələrinin, V ixtisas qrupuna aid ixtisasların müsabiqəsində iştirak edə bilərlər. Keçən il buraxılış (qəbul) imtahanı verənlər bu il ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsinə getmədən birbaşa ikinci mərhələdə iştirak edə bilərlər. Nəticəsini yaxşılaşdırmaq üçün yenidən imtahan vermək isə abituriyentlərin öz seçimidir.

Rezidenturaya qəbulda isə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alanlar 5 il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar.

Qeyd olunmalıdır ki, hazırda magistratura səviyyəsinə qəbul imtahanının iki deyil, bir mərhələdə keçirilməsi ilə bağlı müvafiq imtahanın tarifi azaldılıb, yəni əgər əvvəlki tarifə görə bakalavrlar qəbul imtahanının iki mərhələsi üçün 110 manat ödəyirdilərsə, hazırda bu imtahanın tarifi 50 manat təşkil edir" - məlumatda qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR