“Əmək və Məşğulluq” altsistemi əmək bazarına hansı yenilikləri gətirib? - MÜSAHİBƏ

İlqar Məmmədov

© APA | İlqar Məmmədov

# 31 may 2022 18:22 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini İlqar Məmmədovun APA-ya müsahibəsi

- Yeni istifadəyə verilən “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) məqsədi nədir? ƏMAS əmək bazarına hansı yenilikləri gətirib?

- Altsistem işəgötürənlər, işə qəbul olunanlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər üçün vahid əmək münasibətləri platforması rolunu oynayır.

Məqsəd işçilərlə işəgötürənlər arasında elektron əmək müqaviləsinin bağlanması, rəqəmsal kadr uçot sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, zərərli iş yerlərinin attestasiyası, əməyin hesablanması və ödənilməsinin qanunvericiliyə uyğun təşkili və s. sahələrdə işəgötürənlərə zəruri və çevik dəstəyi verməkdir.

Bu altsistem əmək münasibətlərinin həyata keçirilməsi sahəsində qanunvericiliyin tətbiqi üzrə bütün məqamlarda işəgötürənlər üçün önəmli resursdur. ƏMAS işəgötürənlərin kadr məsələləri ilə bağlı işlərinin daha çevik və rahat yerinə yetirilməsində köməklik göstərir.

- Altsistemdə əmək münasibətləri üzrə funksionallıqlar hansılardır?

- ƏMAS-ın funksional imkanları xeyli genişdir. Buraya əmək müqaviləsi bildirişinin yaradılması, əmək müqaviləsinə əlavə və dəyişikliyin edilməsi, yaxud xitam verilməsi, müqavilələrin elektron və asan imza ilə imzalanması, müqavilələrin hesabatı üzrə reyestrinin hazırlanması, təşkilatın stukturunun yaradılması, ştat vahidlərinin təyin edilməsi və adlı ştatın formalaşması, bank hesablarının əlavə edilməsi və s. daxildir.

ƏMAS-ın mühüm üstünlüklərindən biri də odur ki, bu altsistem əmək münasibətlərinin rəsmiləşdirilməsi və ya əmək münasibətlərinə xitam verilməsi zamanı qanunvericiliyə uyğun olmayan hallara imkan vermir. Məsələn, yaşı 15-dən aşağı olan şəxslərlə əmək müqaviləsi bağlanmasına, Əmək Məcəlləsinin 79-cu maddəsinin (əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər) pozulmasına imkan vermir, avtomatik məhdudiyyətlər tətbiq edir.

- ƏMAS-ın əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı hansı yenilikləri var?

- “Əmək və Məşğulluq” altsistemində əmək müqavilələri sistemə daxil edildikdən sonra əvvəlki sistemdən fərqli olaraq qaralama rejimində yadda saxlanılır. Müqavilə imzalanmazdan əvvəl düzəliş etmək və ləğv etmək funksionallığı mövcuddur. İmzadan əvvəl baxış edib, daha sonra müqavilə imzalanmalıdır. Amma onu da xüsusi qeyd edim ki, müqavilə imzalandıqdan sonra üzərində dəyişiklik etmək və ya etibarsız etmək mümkün deyil.

Hazırda sistem üzərindən ilkin mərhələdə yalnız işəgötürən tərəfindən əmək müqavilələrinin daxil edilməsi, imzalanması, ştat cədvəllərinin formalaşdırılması, bank hesablarının əlavə edilməsi, səlahiyyətlərin verilməsi, xitam əmrinin yaradılması prosedurları mövcuddur. İşçilər tərəfindən də altsistemdə əmək müqaviləsinin imzalanması, onlar üçün əmrlərlə tanışlıq imkanı yaradılması, işçilərin şəxsi kabineti hissəsinin istismara verilməsi nəzərdə tutulur.

- İşəgötürənlər yeni sistemə öyrəşə bilirlər? Ən çox verilən suallar hansılardır?

- Qeyd edim ki, ƏMAS-la, ondan istifadə qaydaları ilə bağlı geniş məlumatlandırma aparıldı və bu gün də davam edir. ƏMAS sisteminə giriş etdikdən sonra sistemdən istifadə qaydalarına video təlimatlar təqdim edilir. Həmçinin işəgötürənlər üçün həmin ƏMAS-dan istifadə prosedurlarına dair ardıcıl təlimlər təşkil olunur, keçirilir. İştirakçılara ƏMAS-ın funksionallığı və ondan istifadə qaydaları əyani şəkildə nümayiş olunur. Altsistemdə icazələrin verilməsi, əmək müqaviləsi bildirişlərinin daxil edilməsi, təşkilati strukturun və ştat cədvəlinin formalaşdırılması və digər əməliyyatların aparılması prosedurları onların diqqətinə çatdırılır. Həmçinin suallar cavablandırılır.

İşəgötürənlər tərəfindən bu yeni altsistemə gözlədiyimizdən daha tez uyğunlaşma oldu, ilk gündən fərqli olaraq hazırda suallar azalıb, olanlar da texniki məsələlərlə bağlıdır. Bütün müraciətlər operativ cavablandırılır və həlli istiqamətində işəgötürən və onların səlahiyyətli nümayəndələrinə yardım edilir.

Ən çox verilən suallardan biri sistemdə əmək müqavilələrinin hansı formada imzalanması, əmək müqaviləsinə dəyişikliyin hansı formada edilməsi ilə bağlıdır.

Qeyd edim ki, əmək müqaviləsinin imzalanması tərəflər arasında olduğu üçün müqaviləni imzalayan tərəflər seçilir. Əmək müqaviləsini imzalayan şəxs kimi təyin olunmuş şəxsin elektron imzası vasitəsilə imzalama həyata keçirilməlidir.

Əmək müqaviləsinə dəyişiklik etmək üçün “Əmək müqaviləsi bildirişlərinin reyestri” bölməsindən Qüvvədə olan əmək müqaviləsi bildirişləri seçilir və reyestrdən şəxsin əmək müqaviləsi bildirişini axtarış edərək əmək müqaviləsinə dəyişiklik edilir və s.

Digər sual ondan ibarətdir ki, əmək müqaviləsi bildirişi altsistemində olan məlumatlar ƏMAS-da olacaqmı? Bununla bağlı bildirim ki, indiyə qədər “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş bütün məlumatlar avtomatik şəkildə ƏMAS-a ötürülüb. Sistem istifadəyə verildiyi gündən sistemə daxil olduğunuz təqdirdə məlumatlar tanış ola bilərsiniz.

- Yeni sistemlə bağlı çətinliyi olan işəgötürənlər hara müraciət edə bilərlər?

- Yeni sistemdə əmək münasibətləri hissəsi ilə bağlı sualı, müraciəti olan, texniki dəstəyə ehtiyacı olan işəgötürənlər Dövlət Əmək Müfəttişliyi Xidmətinə elektron qaydada ([email protected]), sosial şəbəkələr vasitəsilə (Facebook, İnsagram, Telegram, Linkedİn, You tube) və ya poçtla (Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 37) müraciət edə, yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzi və ya Xidmətin Məlumat Mərkəzi (012 525 55 45) ilə əlaqə saxlaya bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR