İtkin düşmüş şəxslərin xatirəsinə həsr olunmuş konsert keçirilib

İtkin düşmüş şəxslərin xatirəsinə həsr olunmuş konsert keçirilib
  • Clock-gray 10:08
  • calendar-gray 17 Sentyabr 2019

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Mədəniyyət Nazirliyinin dəstəyi və iştirakı ilə münaqişələr və digər zorakılıq halları nəticəsində itkin düşmüş şəxslərin xatirəsini yad etmək və Beynəlxalq İtkin Düşmüş Şəxslər gününü qeyd etmək məqsədilə konsert proqramı təşkil edib.

BQXK-dən APA-ya bildirilib ki, bu gün dünyada minlərlə insan öz doğmasının taleyini bilməməyin gətirdiyi əziyyət ilə yaşamaqdadır. Onlar daimi olaraq qeyri-müəyyənlik içərisindədirlər və iqtisadi, inzibati və hüquqi çətinliklərlə üz-üzə qalırlar. Bu vəziyyət bəzən dözülməz həddə ola bilir.

Konsert proqramında Dağlıq-Qarabağ münaqişəsinə münasibətdə itkin düşmüş şəxslərin ailə üzvlərinin yazdıqları şerlər əsasında Stefano Muscaritolo və Kəmalə Əlizadə tərəfindən bəstələnmiş mahnılar səslənib.

Məlumatda qeyd olunub ki, Dağlıq-Qarabağ münaqişəsinə münasibətdə regionda 4500-dən çox şəxs itkin düşmüş sayılır. Bunun nəticəsində 25000-dən çox ailə üzvü qeyri-müəyyənlik içərisində yaşayır. 

“Hər dəfə qapı döyüləndə mənə elə gəlir ki, atam gəlib” - itkin qızı Elnarə Ələkbərova ömrünün son 27 ilinin bu vəziyyətdə keçdiyini deyir.

Şəlalə Məmmədova isə kiçik qızının atasının köynəklərini dolabdan götürərək boynunu qoxuladığını söyləyir. 

BQXK aidiyyəti dövlət orqanları ilə yaxından əməkdaşlıq edərək itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması istiqamətində onların səylərini dəstəkləyir.

2019-cu ilə qədər BQXK Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə əməkdaşlıq şəraitində itkin düşmüş şəxslər haqqında ətraflı məlumatın toplanmasını yekunlaşdırıb.

BQXK neytral, qərəzsiz və müstəqil humanitar təşkilat olub, başlıca məqsədi silahlı münaqişələr və digər zorakılıq hallarından əziyyət çəkən şəxslərin həyat və ləyaqətini qorumaqdan ibarətdir. Təşkilat Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olaraq 1992-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərir.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date